!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Ermənistanın Azərbaycana qarşı düşmənçiliyini ifşa edən fundamental əsər nəşr olunub-

!Reklam – Yazi

3qEiJ6cNokiPİstanbulda mərhum azərbaycanlı tədqiqatçı Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” elmi əsəri Azərbaycan, türk və rus dillərində nəşr olunub.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü və təqdim etdiyi materiallar əsasında Avropa Azərbaycan Cəmiyyətinin himayədarlığı ilə nəşr olunan kitabın ön söz müəllifi tarix elmləri doktoru, dövlət mükafatı laureatı Kərim Şükürov, redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

Yeni nəşr 1986-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun dissertantı Sitarə Mirmahmudovanın “Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi” mövzusunda müdafiə etdiyi dissertasiya işidir. Təəssüf ki, 1981-1986-cı illərdə tədqiq olunmuş elmi iş keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmayıb.

Haqqında bəhs etdiyimiz dissertasiyanın Azərbaycan toponimikası üzrə yeni elmi istiqamət yaratmasına baxmayaraq, S.Mirmahmudovanın alimlik işi repressiyaya məruz qalsa da, həm Azərbaycan, həm də keçmiş SSRİ respublikalarının alimləri tərəfindən yüksək qiymətləndirilib. Alimlər Ermənistan SSR-də Azərbaycan mənşəli oykonimlər haqqında ilk elmi araşdırmanı yüksək dəyərləndiriblər. Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, bu tədqiqat institutundakı Elmi Şuranın sədri, mərhum akademik Həsən Əliyevin dissertasiya barədə fikirləri böyük əhəmiyyət kəsb edir: “Bu cür dissertasiyaları alqışlamaq lazımdır. Hər hansı bir xalq, millət nəyin hesabına varlığını qoruyub saxlayır? Öz dili, torpağı hesabına. Bunlar olmasa xalq da olmaz… Bu çox vacib məsələdir, toponimik tədqiqatlar lazımlıdır, onlar ölkənin tarixi keçmişinin öyrənilməsinə kömək edir. Mənə elə gəlir ki, istənilən halda coğrafi adları dəyişmək, başqa dilə çevirmək arzu olunan deyil. Bu, elmə ziyan gətirir. Məncə, müzakirə olunan işi kitab şəklində çap etdirməyə ehtiyac var. Mövzusuna və dolğunluğuna görə iş çox faydalıdır, maraqlıdır və gələcək nəsillər, habelə toponimika ilə məşğul olanlar üçün idrak baxımından vacibdir”.

Dissertasiyanın avtoreferatına Türkmənistan Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Torpaqşünaslıq İnstitutundan, SSRİ Elmlər Akademiyası Dağıstan filialının Tarix, Fəlsəfə, Ədəbiyyat İnstitutundan, Özbəkistanın Karşı Dövlət Pedaqoji İnstitutundan, Qazaxıstan Elmlər Akademiyası Dilçilik İnstitutundan, SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutundan (Leninqrad bölməsi), M.Qorki adına Xarkov Dövlət Universitetindən, Lvov Kənd Təsərrüfatı İnstitutundan daxil olan bütün rəylərdə qeyd olunur ki, iş zəngin ədəbiyyat bazasına və müəllifin illər boyu topladığı çöl toponimik materialına əsaslanır. Bəzi rəyçilər S.Mirmahmudovanın bir tədqiqatçı kimi üstünlükləri sırasında onun erməni dilini bilməsini və bununla da erməni mənbələrini orijinalda oxumaq imkanında olmasını qeyd ediblər.

Rəyçilərin mülahizələri olduqca maraqlıdır. Filologiya elmləri namizədi, SSRİ Elmlər Akademiyası Dağıstan filialının Tarix, Fəlsəfə, Ədəbiyyat İnstitutunun elmi işçisi Kazbek Şixabudinoviç Mikayılov yazır: “S.N.Mirmahmudovanın dissertasiyası kimi tədqiqatlar xalqların zaman və məkanda yerdəyişmələrini retrospektivdə müşahidə etməyə etibarlı zəmin yaradır ki, bu da Qafqazın qədim tarixini və linqvistikasını öyrənən alimlərə paleoqafqazlıların etnogenezini və qlottogenezini tədqiq etməyə xeyli kömək göstərmiş olur… Beləliklə, dissertant əmin ola bilər ki, o, çox xeyirli, lazımlı və maraqlı işi yerinə yetirmişdir… Ən mühüm nəticələr sırasında işin həqiqi mənada yaraşığı olan müxtəlif xəritə-sxemləri vurğulamaq istərdik. Onlar olduqca əyanidir. Türkdilli oykonimlərin demək olar ki, Ermənistanın bütün ərazisində – uzaq şimaldan uzaq cənuba, uzaq qərbdən uzaq şərqə qədər, mərkəzi vilayətlərdə bərabər yayılması, landşaftdan asılı olmaması bizim üçün yenilik idi. Biz, əlbəttə, Ermənistandakı Azərbaycan mənşəli oykonim və toponimlərin daha çox Azərbaycanla həmsərhəd rayonlarla məhdudlaşacağını gözləyirdik. İndi öz fikirlərimizi dəyişməliyik”.

Karşı Pedaqoji İnstitutunun dosentləri T.Nəfəsov və S.Abdullayev qeyd edirlər: “Digər ad qruplarından fərqli olaraq, etnonimlər daha çox oykonimlərdə öz əksini tapır. Göstərilən fakt bütün türkdilli bölgələrin toponimiyası üçün xarakterikdir və S.Mirmahmudovanın dissertasiyası bu tezisi təsdiqləyir. Əksər etnonimlərə Orta Asiya bölgəsində, o cümlədən Özbəkistanda da rast gəlinir. Dissertasiyada təqdim olunan materiallar türkdilli etnonimika və toponimika ilə məşğul olan tədqiqatçılar üçün çox dəyərlidir, həmin materiallar etnosların və müxtəlif bölgələrin toponimlərinin müqayisəsi üçün səhih fakt kimi çıxış edir”.

SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun (Leninqrad bölməsi) Xarici Asiya xalqlarının etnoqrafiyası sektorunun müdiri, tarix elmləri namizədi A.M.Reşetov yazır: “Avtoreferatla tanışlıq belə bir nəticə çıxarmağa əsas verir ki, biz ciddi, dəqiq yerinə yetirilən tədqiqatla üz-üzəyik. Dissertantın mülahizələri və gəldiyi nəticələr etiraz doğurmur. Mənə dissertantın məruzələrini, məsələn, Telavidəki konfransda etdiyi çıxışı dinləmək müyəssər oldu. Onun irəli sürdüyü əsas mülahizələr auditoriya tərəfindən rəğbətlə qarşılandı”.

Xarkov Dövlət Universitetinin professoru, texnika elmləri doktoru İ.Çervanyov bildirir: “Biz S.N.Mirmahmudovanın elmi fəaliyyətinin nəticələri ilə onun elmi əsərlərindən və 1984-cü ildə Xarkov Dövlət Universitetində kurslarda olarkən coğrafiya profilli kafedraların seminarlarında etdiyi elmi məruzələrdən tanışıq. Avtoreferatla tanışlıq isə göstərir ki, S.N.Mirmahmudovanın dissertasiyası aktual elmi problemin uzun illər ərzində tədqiqinin uğurlu yekunudur”.

Kitabda cəmləşdirilmiş çoxsaylı tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli oykonimlərin ermənişdirilməsinə dair rəsmi sənədlər, demək olar ki, ilk dəfə olaraq tədqiqata cəlb olunan digər arxiv materialları, o cümlədən erməni və Azərbaycandan kənar digər mənbələrdən istifadə olunması əsərin elmi dəyərini daha da artırır.

Giriş, yeddi fəsil, səkkiz yarımfəsil, rəsmi sənədlər, nəticə və ədəbiyyat siyahısından ibarət 400 səhifəlik yeni nəşr qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün əsaslı mənbədir.

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv