İstanbulda “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı keçirildi

Türkiyənin İstanbul şəhərində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasi xadim və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” (100 moments of Heydar Aliyevs life) kitabının ingilis dili versiyasının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Türkiyə Jurnalistlər Birliyinin” Mətbuat Muzeyində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi ilə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunan təqdimatda tanınmış ictimai-siyasi xadimlər, rəsmi şəxslər, dövlət adamları, deputatlar, elmi və mədəniyyət ictimaiyyətin təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan Republikasının memarı Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də qəhrəman şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub.

Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Təqdimat mərasimində çıxış edən Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyevin həyatının 100 anı” kitabının Redaksiya Heyətinin sədri, nəşrin müəllifi, tanınmış publisist Emil Nəsirli diqqətə çatdırıb ki, dərin mənalı ömür yaşayan Ümummilli Lider Heydər Əliyev həyatının əsas hissəsini Azərbaycanın müstəqilliyinə, ölkəmizin inkişafına, xalqımızın firavan gələcəyinə həsr edib. Ona görə də qədirbilən Azərbaycan xalqı böyük oğlunun əziz xatirəsini hər zaman qəlbində sevgi ilə yaşadır. Dünyaşöhrətli dövlət xadimi siyasi hakimiyyətinin ikinci hissəsində Azərbaycanın müstəqilliyi üçün nə qədər çalışdısa, bir o qədər də Türk dünyasının birliyi, vəhdəti və birgə inkişafı, Azərbaycan-Türkiyə qardaşlığı üçün böyük səylər göstərdi. Bütün bu xidmətlər türk xalqının əbədi yaddaşında möhtəşəm Heydər Əliyev abidəsi ucaldıb.

Çıxışında Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver əminliklə bildirib ki, Ümummilli Liderimizin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyası onilliklər boyu Türk dünyasının birliyinə, Türkiyə-Azərbaycan qardaşlığının inkişafına töhfələr verəcək.

Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə nail olmaq Ulu Öndərin ümdə amalı olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb. Azərbaycan-Türkiyə müttəfiqliyinə aydın üfüqlər açan bu Qələbədə qardaş Türkiyənin misilsiz rolu var.

Türkiyənin ekologiya naziri Ali Talip Özdemir, professor Özgur Çengel və digərlərinin çıxışlarında da Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ucalığından bəhs olunub.

Xatırladaq ki, ümumilikdə 553 səhifədən ibarət olan “Heydər Əliyevin həyatının 100 anı” kitabı Azərbaycanın xilaskar oğlunu Ümummilli Lider zirvəsinə ucaldan real işlərin, gərgin əməyini, yüksək insani keyfiyyətlərini, vətəninə və xalqına bağlılığını özündə ehtiva edir. Azərbaycan və ingilis dillərində yazılaraq nadir üslubda nəfis tərtib olunan rəngli nəşrin əvvəlində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi” haqqında Azərbaycan Prezident Sərəncamının mətni iki dildə yerləşdirilib. Mündəricat, ön söz, giriş və ədəbiyyat siyahısından ibarət nəşrdəki məqalələr və nadir fotolar Ümummilli Lider Heydər Əliyevin xalq, vətən, ölkə və dövlət qarşısındakı misilsiz xidmətlərini tərənnüm edir. Nəşrdəki materiallar Ulu Öndərin bəşəri prinsipləri barədə oxucuda real təsəvvür yaradır.

“Heydər Əliyevin həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda, Atatürk Mərkəzində keçirilib. Xarici ölkələrdəki təqdimatlar isə İstanbuldan sonra Paris və Cenevrə şəhərlərində olacaq./AZƏRTAC/

COP29