İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin ikinci ildönümü, “Şuşa İli” və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərasim Xarıbülbül Vizyon Teatr Dərnəyi və İstanbulun Ümraniye bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl bələdiyyə binasının qalereyasında təşkil olunan “Xarıbülbül Azərbaycan Zəfər sərgisi”nin açılışı olub.
Sərginin açılışında iştirak edən bələdiyyə sədri İsmet Yıldırım Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara toxunaraq, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb.
Bələdiyyə sədri bildirib ki, Azərbaycanın şanlı Qarabağ Zəfəri tarixi torpaqların öz sahiblərinə geri qaytarılması ilə yanaşı, həm də Türk dünyasının birləşməsinə imkan verib. Bu onu göstərir ki, biz bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz.
Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən sərgidə
Azərbaycan Rəssamlar Birliyinin üzvü Lətafət Rəfiqin hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadıx Babayev, Antalya Azərbaycan Mədəniyyət ve Dayanışma Dərnəyi rəyaset heyətinin sədri Ceyran Səttarova, Fatimə Abdal, türkiyəli rəssam Alişan Dərin, Canan Təpəbaşının əsərləri nümayiş etdirilir.
Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən Türkiyədə Azərbaycan teatrının qurucusu, Bədii qiraət ifaçısı, Aktrisa-rejissor, Xarıbülbül Azərbaycan Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Kamal Cabbarova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Baş katibi Hülya Ağasoy, Ümraniyə bələdiyyəsi sədrinin müavini Məsud Özdəmir və ölkəmizin İstanbuldakı baş konsulluğunun vitse-konsulu Murad Balacayev Şuşa Zəfəri və Qələbəmizə gedən yol, Şuşanın tarixi, eləcə də Fikrət Əmirov yaradıcılığı haqqında danışıblar.
Çıxış edənlər iki qardaş ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkərək, bu münasibətlərin hər gün daha da möhkəmləndiyini vurğulayıblar.
Tədbirdə Fikrət Əmirov, Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən qısametrajlı sənədli filmlər nümayiş olunub.
Mərasimdə TADEF-in sədr müavini Pərviz Məmmədzadə, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev, dərnək sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Proqramda vətənpərvərlik mahnıları ve Fikrət Əmirovun əsərləri səsləndirildi.
Mərasimdə “Xarıbülbül Azərbaycan Zəfər Sərgisi” kataloqu ictimaiyyətə təqdim edilib.
Mərasimin sonunda tədbirin təşkilində əməyi olanlara xüsusi təşəkkür plaketləri verilib.