!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulsuz Türkiyə: AKP üçün ya bir dövrün sonu, ya da yeni başlanğıc

!Reklam – Yazi

İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə ötən gün keçirilən seçkilərin nəticələri Türkiyənin hakim siyasi qüvvəsinin 31 mart seçkilərindən sonra, cavab axtarmalı olduğu sualların sayını xeyli artırıb. Türkiyədə martın 31-də keçirilmiş yerli seçkilərdə nöqtəsi qoyulmayan yeganə “ı” İstanbul Böyük Şəhər Bələdiyyə sədri postunun yeni sahibinin müəyyənləşməməsi oldu. Daha doğrusu, iqtidar partiyası (Binəli Yıldırım) ilə ana müxalifət CHP-nin (Əkrəm İmamoğlu) namizədlərinin dueli sonuncunun cüzi üstünlüyü ilə yekunlaşdı.

Lakin ölkənin Ali Seçki Qurumu AKP-nin İstanbul seçkilərində nəticələrə təsir etmiş ciddi qanun pozuntularına yol verilməsinə dair davamlı şikayətlərini nəzərə alaraq, seçkilərin yenidən keçirilməsinə qərar verdi. İyunun 23-də keçirilmiş seçkilərdə isə İmamoğlu öz qələbəsini hər hansı mübahisəyə yer qoymayacaq səs fərqi ilə rəsmiləşdirdi. Dünənki səsvermənin nəticələri açıqlandıqdan sonra, Türkiyə ictimai rəyində AKP-yə yönəlik “Təkrar seçkilərin keçirilməsinə ehtiyac vardımı?” sualı daha tez-tez verilməkdədir.

23 iyun seçkilərinin yekunları bəlli olduqdan sonra bu sual artıq ritorik xarakter alıb. Seçkiləri dəyərləndirən nüfuzlu media qurumları, hətta AKP-yə yaxınlığı ilə seçilən nəşrlər də İstanbulda yeni seçkilərin keçirilməsi qərarının özünü doğrultmadığını yazmaqdadırlar. Bununla kifayətlənməyən müəlliflər AKP-nin İstanbulda təqribən üç ay aralığında ikinci dəfə məğlub olmasının səbəblərini hərtərəfli təhlil edirlər. Hakim partiyanın tənqidçiləri 23 iyun məğlubiyyətinin ilkin səbəbi kimi, AKP-nin təkrar seçkilərin keçirilməsinə real hüquqi zərurətin olduğuna dair cəmiyyəti inandıra bilməməsini göstərir. Onların fikrincə, elektoratın əhəmiyyətli hissəsi İstanbulda təkrar seçkilərin keçirilməsi qərarını, rəqibin qələbəsini nəyin bahasına olursa-olsun, sıfırlamaq cəhdi kimi qarşıladı. Bu yanaşma səsvermənin nəticələrində öz əksini tapdı və İmamoğlu martın 31-də qazandığı səsləri təqribən 4 faiz artırdı. Çünki seçicilərin nəzərində onun “qurban” obrazı yaranmışdı. Təbii, 31 mart və 23 iyun İstanbul seçkilərində məğlubiyyətin əsas “memar”ı AKP-nin özüdür. 31 mart seçkilərində namizəd korpusunun müəyyənləşdirilməsində yol verilən həlledici səhvlər, inzibati resurslara arxayın olaraq, xalqla birbaşa təmaslara laqeyd yanaşma, hakimiyyətin strateji qərarlarının seçicilərə doğru-dürüst izah edilməməsi, tərəddüdlü elektoratın rəğbətini qazanmaq üçün yetərli səylərin göstərilməməsi, ən əsası, hakim partiyanın FETÖ terror şəbəkəsinin qalıqlarından tam təmizlənməməsi AKP-nin əhəmiyyətli səs itkilərinə gətirib çıxardı. Eyni zamanda, seçki kampaniyasının son fazasında kürdlərə yönəlik müəyyən reveranslar da AKP-nin əleyhinə işlədi. Milliyyətçi cameə bu manevrə İmamoğlunu dəstəkləməklə qarşılıq verdi. AKP-nin “qala”sı hesab olunan İstanbulda məğlubiyyəti isə həm yuxarıda göstərilən səbəblərdən, həm də meqapolislər üçün xarakterik olan spesifikanın sona qədər qiymətləndirilməməsi ilə şərtləndi.

AKP ideoloqları İstanbulun 10 milyonluq seçici kütləsinin “təzə qan” hesabına böyüdüyünü, onların arasında modern düşüncəli gənclərin sayının artdığını nəzərə almadılar, həmin təbəqəni cəzb edəcək tezislər seçilməsinin vacibliyini gözardı etdilər. Bu fonda İmamoğlunun gənc elektorata yönəlik mesajları isə “nöqtə zərbəsi” effekti ilə gənc seçicilərə yetişdi. Nəticə artıq ortadadır. Qəbul edilməli olan gerçəklik budur ki, AKP öz liderinin çevikliyi və sürəti ilə qətiyyən ayaqlaşa bilmir. Hakim partiya 31 mart seçkilərində (o cümlədən, əvvəlki seçkilərdə) göstərdiyi nəticə ilə ilk növbədə Ərdoğanın Türkiyəni tam əhatə edən nüfuzuna minnətdar olmalıdır. Ancaq Ərdoğan partiyasının yükünü təkbaşına daha nə qədər daşıya bilər? İstər 31 mart, istərsə də 23 iyun seçkilərinin nəticələri AKP-nin təcili surətdə özünə “restart” verməli olduğunu qaçılmaz zərurətə çevirib. Ərdoğan vaxt itirmədən AKP-nin faydalılıq əmsalı sıfırdan solda olan rəhbər funksionerləri, xurafat saçan “ideoloq”ları yola salmalı, partiya “vitrin”inə yeni, milli-modernist təfəkkürlü, müasir dünyanın çağırışlarını dəyərləndirə bilən peşəkar kadrları toplamalıdır. Ən əsası, real müstəvidə xalqla birbaşa təmaslar mütləq bərpa olunmalıdır. Əks halda, AKP-ni növbəti məğlubiyyətlərdən Ərdoğanın nüfuzu da xilas etməyəcək.

A.Zeynalov

www.yenicag.az

1903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv