İstehlak kreditlərinin növlərinə görə orta faiz dərəcələri açıqlandı

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditlərinin növlərinə görə orta faiz dərəcəsi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, kredit kartı vasitəsilə verilən kreditlərin orta faiz dərəcəsi milli valyutada 26%, ABŞ dollarında 5% təşkil edib. Milli valyutada kredit kartı vasitəsilə verilən kreditlərin orta faiz dərəcəsi əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2% bahalaşıb. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən kredit kartı vasitəsilə verilən kreditlərin orta faiz dərəcəsi milli valyutada 24%, ABŞ dollarında 5% olub.

Bunlarla yanaşı, banklar tərəfindən milli valyutada verilmiş kreditlərdən məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi 16% (1% az), avtomobil kreditlərinin orta faiz dərəcəsi 10% (1% az), digər istehlak kreditlərinin orta faiz dərəcəsi 20% (3% çox) olub.

Qeyd edək ki, ötən ilin sonuna olan məlumatlara əsasən Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən milli valyutada verilmiş istehlak kreditlərinin orta faiz dərəcəsi 35% təşkil edib.