“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu günə qədər hansısa irimiqyaslı korrupsiya faktının üstünü açdığını görməmişik”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi son əməliyyatları şərh edən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.
İlham İsmayıl bildirib ki, bu tip əməliyyatın məhz DTX-ya həvalə edilməsi səbəbsiz deyil:
“DTX-nın bu əməliyyata cəlb olunmasının səbəbini elə videolardan da görmək olar. Əməliyyat peşəkar şəkildə həyata keçirilib. Bu cür əməliyyatı keçirməyə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin imkanları yoxdur.
Düzdür, Korrupsiya idarəsi DTX-dan yardım istəyə bilər. Görünür, zamanında bunu etməyiblər. Əgər imkan verilsə, DTX bütün korrupsiya ilə məşğul olanların hamısını ifşa etməyə hazırdı”.
Hadisələrə başqa yöndən də baxılmalı olduğunu deyən İlham İsmayıl qeyd edib ki, bu əməliyyat son dövrlər ölkədə baş verən proseslərin tərkib hissəsidir:
“Son dəyişiklikləriə münasibətim fərqli olsa da, DTX-nın üzərinə düşən vəzifəni peçəkarcasına yerinə yetirdiyini düşünürəm. Ağstafanın həbs olunan icra başçısı bir neçə aydır ki, təyin edilmişdi. Ondan əvvəl Goranboya işləmişdi və elə işlərə bulaşmışdı ki, onu elə orada da həbs etmək olardı.
Yevlaxın sabiq icra başçısına gəldikdə isə o, vəzifədən çıxmaq üçün üç il idi, müraciətlər edirdi. Elmar Vəliyevin hücumlarına məruz qaldığı üçün onlarla işləmək istəmirdi.
Hesab edirəm ki, Qarabağ regionunun işğal olunmamış rayonlarının elə icra başçıları var ki, onları da mütləq cəzalandırmaq lazımdır. Məsələn, Bərdə camaatı da oranın icra başçısının əlindən bezib”.
İlham İsmayılın fikrincə, məmur həbslərinin davamlı olacağını əminliklə söyləmək çətindir:
“Ancaq vurğulayıram ki, bu, müsbət hadisədir. Bir məsələni də qeyd edim ki, icra başçıları düşünüldüyü qədər kütbeyin deyillər. İndi rüşvəti kabinetdə almayacaqlar, yeni metodlar tapacaqlar. Əgər belə əməliyyatların miqyasl genişləndirilsə, o zaman gərək bütün icra başçılarını həbs edələr. İstənilən məmuru rüşvət üstündə tutmaq asan məsələdir.
Bu əməliyyatın DTX tərəfindən keçirilməsini təqdir edirəm. Son əməliyyat təhlükəsizlik orqanının Eldar Mahmudov tərəfindən korlanmış imicinə müsbət təsir göstərdi. O baxımdan, öz keçmiş peşə yoldaşlarımı təbrik edirəm. Azərbaycan xüsusi xidmət orqanları keçmiş Sovet məktəbindən qalmadır. Bu gün həm də sovet “ÇK”-sının yaranma günüdür. Biz həmişə bu gün mükafat alırdıq”.
Səxavət Məmməd