Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Xidmət rəisi Nazim Mahmudov Yenicag.az-a bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir və Tərtərdə yüksək, Ağstafa, Naftalan və Ağdamda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Şahdağ, Xızıda orta, Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəranda orta, Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib”.
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.