Yayın ən isti günləri əksər ölkələrdə öz sərt üzünü göstərir. Bu da heç şübhəsiz avtomobillərə də təsir edir.
Yenicag.az xəbər verir ki, isti havada istismar avtomobilin texniki vəziyyətinə təsirsiz ötüşmür. Havanın temperaturu 30 dərəcə Selsini keçdikdə istənilən nəqliyyat vasitəsində yanacaq sərfiyyatı artır. Bu da bir qayda olaraq buxarlanmanın intensivləşməsi və havada rütubətin artması ilə izah edilir. Əlavə olaraq, kondidionerdən istifadə yanacaq sərfiyyatının bəzən 15%-dək artmasına səbəb olur. Elektromobillərdə isə çox qızan batareyanın tutumu azalır, boşalma sürətlənir.
İstər yerli, istərsə də xarici təcrübədə isti havada ən çox rast gəlinən nasazlıq mühərrikin qızmasıdır. Növbəti yerdə tormoz sistemi detallarının qızmasıdır. Bu sistemdə yüksək temperatur (70 dərəcə Selsidən yuxarı) tormoz yolunun ciddi şəkildə artmasına, bəzən də ümumiyyətlə avtomobilin dayanmamasına səbəb olur. Çıxış yolu tormozdan mümkün qədər az istifadə etmək, mühərriklə tormozlamaqdır.
Üçüncü yerdə isə təkərlərin qızaraq partlaması gəlir. Təcrübə göstərir ki, yol polisinin təkərlərin göstəricisinə ciddi nəzarət etdiyi ölkələrdə bu problemə az rastlanılır. Bir qayda olaraq istinin təsirindən köhnə, zədəli, protektor naxışları yeyilmiş təkərlər partlayır. Təəssüf ki, ölkəmizdə bir çox sürücü təkərə etinasız yanaşır. Avqust ayı olmasına rəğmən qış təkərləri ilə avtomobil idarə edən sürücülər N qədərdir. Belə bir düşüncə hakimdir ki, yayda istənilən təkərlə sürmək olar.
Lakin hər bir məsələnin sadə həll yolu var. Bu da ilk növbədə texnikanı saz saxlamaq, zərurət olmadığı hallarda isti havalarda uzaq yola çıxmamaq və avtomobili sakit templə idarə etməkdən ibarətdir./avtosfer/