İsti suyun qiyməti artacaq? – Rəsmi açıqlama

su_%d0%bf%d1%8c%d0%b5%d0%bc-%d0%b2%d0%be%d0%b4%d1%83-%d0%b8%d0%b7-%d0%bf%d0%be%d0%b4-%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b074“Azəristiliktəchizat” ASC Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” 18 noyabr 2016-cı il tarixli qərarı mətbuatda yanlış şərh edilib və bu da əhali arasında çaşqınlığa səbəb olub.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya açıqlamasında bildirib ki, qərarda söhbət mərkəzi isitmə sistemindən getmir.

R. Əliyev nəzərə çatdırıb ki, mərkəzi isitmə sistemi ilə istiliklə təmin edilən yaşayış binaları və sosial obyektlər üçün tarif olduğu kimi qalıb. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə mərkəzi istilik xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bundan sonra da tənzimlənəcək: “Sadə dildə desək, “otoplenie” olan yaşayış binaları və sosial obyektlərə istilik xidmətləri yenə də dövlət tərəfindən tənzimlənəcək və bu sahədə qiymətlər dəyişməyib. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə 1 m2 yaşayış sahəsi üzrə istilik xidməti aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpikdir. Bu qiymətlər olduğu kimi qalır”.

R. Əliyev bildirib ki, söhbət sadəcə gələn il yanvarın 1-dən isti su tariflərinin dövlət tərəfindən tənzimlənmədən çıxarılmasından gedir: “Burada söhbət hamamda, mətbəxdə işlədilən isti sudan gedir. Ümumilikdə götürüləndə, Azərbaycanda belə isti su ilə təmin olunan binaların xüsusi çəkisi 2 faizdən artıq deyil. Rəqəmlə ifadə etsək, respublika üzrə cəmi 261 yaşayış binasına isti su verilir. Bu binaların da 129-u Bakıda yerləşir. Regionlarda isti su verilən binalar isə əsasən məcburi köçkünlər üçün tikilən binalardır. İsti su ilə təmin olunan səhiyyə, təhsil müəssisələrinin xüsusi çəkisi isə çox cüzidir, heç 1 faizə də çatmır. Bu müəssisələrin mütləq əksəriyyətində isti su əldə edilməsi ilə bağlı müstəqil, daxili sistem var. Beləliklə, söhbət yalnız respublika üzrə 261 yaşayış binasına və 1 faizə belə çatmayan sosial obyektlərə verilən isti sudan gedir. Bu gün isti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik, qeyri-əhali qrupu üçün isə isti suyun 1 kub metr 1 manat 50 qəpikdir. Digər tərəfdən, burada söhbət heç də yanvarın 1-dən mütləq isti suyun qiymətinin artmasından da getmir. Sadəcə, gələn ildən isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək”.