İstifadə edilmiş pamperslərin təkrar emalı: Bizə sellofan, yaxud su qabı kimi geri dönür? – REAKSİYA

Son bir neçə ildir ki, ölkəmizdə işlənmiş uşaq pamperslərinin alışı həyata keçirilir. İmkanı aşağı olan əksər ailələr həmin pampersləri satsalar da, əksər valideynlər bu biznesi düzgün hesab etmir. Maraqlıdır ki, bu bizneslə məşğul olanların fəaliyyəti sirrli saxlanılır və ictimaiyyətə ətraflı məlumat verilmir.

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, çirkli uşaq bezlərindən istifadə edilməsi dünya praktikasında mövcuddur:

“Çox adam narahat olur ki, çirkli bezi nə edirlər?! Bu, adi təkrar istehsaldır. Uşaqlı analara naməlum adamlar işlənmiş bezin bir ədədini 3 qəpikdən almağı təklif edir. Hamı təşvişə düşüb. Narahatlığa əsas yoxdur. Dünya ölkələrində bu kimi yenidən emal müəssisələri fəaliyyət göstərir. Səhv etmirəmsə, istifadə olunmuş bezləri ilk dəfə İtaliyada yaradılmış bir müəssisə buxar texnikası ilə təkrar emal edərək plastik material, karton, gübrə kimi ikinci əl material istehsal edirdi. 1 ton istifadə edilmiş bezdən 75 kq plastik və 125 kq gübrə əldə edilir.

Ümumilikdə, təbiətin mühafizəsinə yönəldilmiş bu addımın gigiyenik olduğunu demək çətindir. Buxar texnologiyası ilə işlənmiş bezlərin nə dərəcədə təmizlənməsi, həmçinin təkrar istehsalından sonra su qabı, market torbası kimi təklifin nə qədər gigiyenik olacağı naməlumdur. Əgər buna təminat verirlərsə, niyə də olmasın?! Təbiəti qorumaq lazımdır”.

Tibb eksperti Rasif Bağırov isə saytımıza açıqlamasında qeyd edib ki, ümumilikdə pampers zərərsiz hesab olunur:

“Əslində, ekspertlər də işlənmiş pamperslərdən hansı məqsədlər üçün istifadə edildiyini bilmir. Ona görə də bu biznesin fəaliyyətinin hansı nəticələr verəcəyi barədə qəti fikir söyləmək çətindir. Əslində, pamperslərin hansısa zərər verdiyini düşünmürəm. Çünki zərərli olsaydı, öncəliklə, uşaqlar üçün tövsiyə olunmazdı”.

Gülşən Şərif