“İstiqlalımızın əleyhinə olan deputatlara belə tanınan status istiqlalçı millət vəkillərinə tanınmayıb” – Sülhəddin Əkbər

“Çox təəssüf ki, Azərbaycanda həmin günə də, o tarixin əsas iştirakçılarına imtiyazlı bir yana, heç normal münasibət də yoxdur”.

Bu fikirləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ərəfəsində hər hansı bayram hazırlıqlarının müşahidə edilməməsinə münasibət bildirən Azad Demokratlar Partiyasının (AzDP) sədri, istiqlalçı deputat Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

sulheddin

AzDP sədrinin fikrincə, dövlət müstəqilliyinin bərpası bayram günü olmaqla yanaşı, həm də qeyri-iş günü elan edilməlidir:

“Müstəqillik günü istənilən millət və dövlət üçün milli-tarixi əhəmiyyətli, taleyüklü məsələdir. Çox təəssüf ki, dövlət müstəqilliyinin bərpası kimi tarixi hadisə Azərbaycanda hələ də öz lazımi qiymətini almayıb.

Hazırda Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsindən də bəlli olur ki, burada söhbət yalnız həmin günün yenidən bayram günü elan olunması və bayramın adının dəqiqləşdirilməsindən gedir. Təbii ki, bu bizi qane etmir və edə də bilməz.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası bayram günü olmaqla yanaşı, həm də qeyri-iş, istirahət günü elan edilməlidir. İnsanlar o gün ən azı hansı səbəbdən istirahət etdikləri barədə düşünməlidirlər, öz övladlarına, gənc nəslə müstəqilliyin bərpasının necə əhəmiyyətli hadisə olduğunu izah etməlidirlər.

Digər tərəfdən, həmin günün bundan sonra dövlət səviyyəsində qeyd edilməsi nəzərdə tutulur, lakin bu il oktyabrın 18-də müstəqilliyimizin bərpasının 30 illik yubileyi olsa da, bu istiqamətdə hər hansı hazırlıq görüldüyü müşahidə edilmir.

Yeganə addım bayaq haqqında danışdığım qanun layihəsinin müzakirəyə çıxarılmasıdır. Ancaq çox təəssüf ki, orada da 18 oktyabr qeyri-iş günü elan olunmur.

Mən hələ bu çərçivədə istiqlalçı deputatlarının fəaliyyətinin dəyərləndirilməsinə toxunmuram. Kiçik bir araşdırma aparsanız, digər postsovet ölkələrində istiqlalçı deputatlara necə yüksək münasibət bəsləndiyini görərsiniz.

Çox təəssüf ki, Azərbaycanda həmin günə də, o tarixin əsas iştirakçılarına imtiyazlı bir yana, heç normal münasibət də yoxdur. İstiqlalımızın əleyhinə olan deputatlara belə tanınan status istiqlalçı millət vəkillərinə tanınmayıb. Bu, çox paradoksal və eyni zamanda, Azərbaycan hakimiyyətinə də minus gətirən bir durumdur.

Bu, nə millətimizin, nə də dövlətimizin adına yaraşan haldır. Əlbəttə, bu duruma görə üzülürük”.

A.Zeynalov