İsveç polisi cümə axşamı Baltik dənizində kabel qırılması ilə bağlı araşdırma çərçivəsində Çin yük gəmisi “Yi Peng 3”ün göyərtəsində Çin rəsmilərinin dəvəti ilə olduqlarını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, İsveç hüquq-mühafizə orqanları noyabr ayında iki dənizaltı fiber-optik kabelin zədələnməsi ilə bağlı araşdırmada Çin yük gəmisinin ekipajını dindirməkdə maraqlı olub:
“Stokholm və Pekin diplomatları məsələni müzakirə edərkən gəmi bir aydır yaxınlıqdakı sularda dayanıb. Müstəntiqlər noyabrın 15-də Rusiyanın Ust-Luqa limanını tərk edən gəmiyə tez bir zamanda çatmaq üçün hərəkətə keçiblər. “Reuters”in “MarineTraffic” məlumatlarının təhlili gəminin koordinatlarının kabellərin zədələndiyi vaxt və yer ilə uyğun gəldiyini göstərib”.
İsveç polisi cümə axşamı verdiyi açıqlamada bildirib ki, Çin səlahiyyətliləri araşdırma apararkən onlar yalnız “Yi Peng 3”ün göyərtəsində müşahidəçi qismində iştirak ediblər.
“Paralel olaraq, Baltik dənizində iki kabelin qırılması ilə bağlı təxribat şübhəsi üzrə ilkin araşdırma davam edir”, – polisin bəyanatında qeyd edilib.
Polis əlavə edib ki, cümə axşamı gəminin göyərtəsində həyata keçirilən fəaliyyətlər İsveçin rəhbərlik etdiyi ilkin istintaqın bir hissəsi deyil. Danimarka rəsmiləri isə Danimarka və İsveç arasındakı Katteqat boğazında lövbər salmış yük gəmisinə baş çəkmə prosesini asanlaşdırdıqlarını bildiriblər.
Qeyd edək ki, noyabrın 17-18-də Baltik dənizində biri Finlandiya ilə Almaniyanı, digəri isə İsveç və Litvanı birləşdirən iki kabel zədələnin. Almaniyanın müdafiə naziri Boris Pistorius bu hadisənin təxribat olduğunu bəyan edib.
Hadisələr İsveçin eksklüziv iqtisadi zonasında baş verib və İsveç prokurorluğu təxribat şübhəsi ilə araşdırma aparır. Bir sıra Qərb kəşfiyyat rəsmiləri Çin gəmisinin hər iki kabelin qırılmasına səbəb olduğuna əmin olduqlarını bildiriblər. Lakin bunun qəza, yoxsa qəsdən törədilmiş hərəkət olması barədə müxtəlif fikirlər mövcuddur.