İT yönümlü ixtisaslara artan TƏLƏBAT: Gələcəkdə hansı ixtisaslar sıradan çıxacaq? – Mütəxəssis AÇIQLADI

“Bəzi ixtisasların sıradan çıxması əvvəlki dövrlərdə həmin ixtisas üzrə təhsil almış, həyatını və karyerasını bununla bağlamış, işində təcrübəli olan şəxslərin işsiz qalmasına səbəb olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında gələcəkdə əmək bazarına cavab verməyən bəzi ixtisasların sıradan çıxması haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bir çox sahələrdə artıq insan əməyinə ehtiyac qalmadığına görə həmin ixtisaslar gələcəkdə sıradan çıxacaq.

“Beynəlxalq müstəvindən baxdıqda, dünyanın bir çox elmi jurnalı, tədqiqat qrupları, gələcəkdə sıradan çıxacaq ixtisasların sayını və onların hansılar olacağını dəfələrlə vurğulayıblar. Bu əsasən süni intellektin inkişafı, robot texnikasının sürətlə irəliləyişi ilə əsaslandırılır. Bir çox ixtisaslarda artıq insan əməyinə ehtiyac qalmadığına görə həmin ixtisaslar gələcəkdə sıradan çıxacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, həmin ixtisasların əvəzinə yenilərinin gələcəklərini desələr də, lakin bu sıradan çıxacaq ixtisaslarla müqayisədə dəfələrlə azdır:
“Təəssüf ki, bu təkcə elm və təhsil hadisəsi ilə bitməyəcək, eyni zamanda, sosial problemə də çevriləcək. Bəzi ixtisasların sıradan çıxması əvvəlki dövrlərdə həmin ixtisas üzrə təhsil almış, həyatını və karyerasını bununla bağlamış, işində təcrübəli olan şəxslərin işsiz qalmasına səbəb olacaq. Bunların sayı dünya üzrə milyonlarla ölçülür. Bəzi mənbələrə görə, 2030-cu ilə qədər 50 milyon yaxın insanın sırf bu səbəbdən işsiz qalacağı gözlənilir. Bu dünya üzrə aparılan araşdırılmalardır və bunun nə dərəcədə doğru olub-olmamasını dəqiq söyləmək çətindir. Təbii ki, bu məsələyə birmənalı yanaşmaq da düzgün olmaz”.

Ekspert vurğulayıb ki, artıq ölkəmizdə İT yönümlü ixtisaslara daha çox yer verilir.

“Ölkəmizdə hələ süni intellektin, robot texnikasının gələcəkdə o qədər də mükəmməl inkişaf etməyəcəyini nəzərə alsaq, hər hansı ixtisasın sıradan çıxıb-çıxmamasını dəqiq demək mümkün deyil. Artıq universitetlərdə bakalavr və magistr təhsil səviyyələri üzrə süni inlellekt əsaslı ixtisaslar yaradılır. Komputer elmləri, İT yönümlü ixtisaslara daha çox yer verilir”.
Dövlət İmtahan Mərkəzini hər il çap etdiyi plan yerləri və keçid ballarının əks olundunduğu xüsusi jurnalında bu detalları özümüz aydınlaşdıra bilərik. Təbii ki jurnalda hansı ixtisasların yox olacağı ilə bağlı məlumatlar yazılmasa da, oradakı artırılan və azaldılan dövlət sifarişli plan yerlərinin hamısı əmək bazarında həmin ixtisasların necə tənzimləndiyinin göstəricisidir. Məsələn, 5 il bundan öncə hər hansı bir universitedə olan ixtisasa 60 plan yeri var idisə, bu gün iki dəfə çoxdur yaxud azdır, – deyə ekspert əlavə edib.
E.Nuri qeyd edib ki, bu, təkcə bir universitetlə bağlı deyil, bütün ali təhsil müəssisələri əsasında hesablanaraq jurnalda öz əksini tapır. Müəyyən ixtisaslar üzrə dövlət sifarişli plan yerlərinin artırılıb azaldılması gələcəkdə həmin istiqamətdə olan ixtisaslı kadrlara ehtiyacın olub-olmamasını göstərir”.

Mütəxəssis əlavə edib ki, gələcəkdə humanitar yönümlü ixtisaslara tələbat azala bilər:

“Ötən illərdə İT yönümlü ixtisaslarda plan yerləri artırılsa da, bir çox humanitar yönümlü ixtisaslarda plan yerləri azaldıldı. Bu o deməkdir ki, həmin istiqamətdə bir qədər çıxdaşlara ehtiyac yaranıb. Yəni gələcəkdə humanitar yönümlü ixtisaslarda təhsil alan kadrlara tələbat azalacaq. İnsanlar bu detallara bəzən səthi yanaşır. Bunlar xüsusi araşdırılmalıdır. Tədqiqat işi detallarına qədər incələnməlidir. Lakin bu nüanslar çox az hallarda araşdırılır. Bu, qarşıdakı illər üçün barometr rolunu oynamalıdır”.

İsmayıl Bakuvi

COP29