İtaliyada otel faciəsi – 23 nəfər itkin düşüb

İtaliyanın Abruzzo vilayəti rayonunda Rigopiano di Farindola otelinin qar uçqunu altında qalması nəticəsində itkin düşmüş 23 nəfərin axtarışları aramsız davam etdirilir.

Xilasedicilər otelin dağıntıları altında daha kimisə sağ tapacaqlarına ümidlərini itirmirlər.

Yenicag.az Azərtac-a istinadla xəbər verir ki, son məlumata görə, indiyədək hadisə yerində 6 nəfərin cəsədi aşkarlanıb, 4-ü uşaq olmaqla 11 nəfər xilas edilib. Qar əsirliyindən sağ qurtaranların həyatı üçün heç bir təhlükə yoxdur. Yalnız bir nəfərə cərrahi müdaxilə lazım gəlib. Həkimlər bildirirlər ki, xilas olunmuş 4 uşaq tezliklə evlərinə qayıda biləcəklər.

Faciə ilə bağlı cinayət işi başlanıb. Otel sahibləri səhlənkarlıqda ittiham olunurlar.

Çərşənbə günü gecə Qran-Sasso dağ massivində baş vermiş qar uçqunu zamanı oteldə 40 nəfərədək insan olub. Uçqun nəticəsində dördmərtəbəli otel tamam dağılıb. Xilasetmə xidmətlərinin nümayəndələri binanın üzərinə120 min ton qar töküldüyünü bildirirlər.

Hazırda hadisə yerində aparılan axtarış-xilasetmə əməliyyatında yanğınsöndürənlər, hərbçilər, polislər və alpinistlər iştirak edirlər.

Yenicag.az