Bakı şəhər prokurorluğu 7 yaşlı uşağın itməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: “Dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.
Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.(APA)