İtkin düşən hindistanlı turistin atası 10 min manat vəd etdi

Mayın 12-də Zaqatalada itkin düşən Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathidən hələ də xəbər yoxdur.

Yenicag.az xəbər verir ki, turist həmin gün Zaqatala rayonunda otellərin birindən dağa getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Ətraflı
O, yoxa çıxandan dərhal sonra atası Purna Chandra Rao və qardaşı Dharan Kondaveeti Zaqatalaya gəliblər. Bir müddətdən sonra axtarışların daha səmərəli olması üçün böyük məbləğdə pul mükafatı vəd ediblər. Mükafatın məbləği isə 10 min manatdır.

Xatırladaq ki, turistin axtarışı ən yüksək səviyyədə aparılır. Müvafiq dövlət qurumları, xüsusi alpinist dəstələri Manikathinin axtarışına ara vermirlər. Ərazini yaxşı tanıyan insanları, xüsusən ovçu və balçıları həvəsləndirmək üçün vəd edilən mükafatın şərtləri də bəlli olub.

Turistin atası Purna Chandranın mükafatla bağlı elanında deyilir:

“Nəzərinizə çatdırırıq ki, Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, təkbaşına meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib. Biz polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz onu tapan şəxsə 10000 manat pul mükafatı verəcəyimizi bəyan edirik.

Qaydalar və şərtlər:

1) Nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə məsuliyyət daşımırıq.

4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Biz bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.