“İTV ilə AzTV birləşdirilərək Milli Televiziya yaradılsın” – Qocaman rejissordan ittiham və təkliflər…
Uzun müddətdən sonra Azərbaycan Dövlət Televiziyasının veteran rejissoru, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Nazim Zeynalovla yenidən bir araya gələrək televiziyamızın bu günündən danışdıq.
*
Artıq uzun müddətdir, televiziya ilə çalışmamasına baxmayaraq, Nazim Zeynalovda hələ də Azərbaycan Dövlət Televiziyasının (AzTV) təəssübkeşliyi var. Ömrünün yarısından çoxunu keçirdiyi bu televiziya onun üçün o qədər əzizdir ki, bütün hadisələri ardıcıllıqla izləyir, təkliflərini səsləndirməkdən çəkinmir.
Elə söhbətimiz də bu istiqamətdə oldu.
*
“Elə bil reklam verilişidir”
Nazim Zeynalov ilk olaraq AzTV-də yayımlanan “Telesəhər” verilişi haqqında fikirlərini bölüşərək iradlarını bildirdi:
“Telesəhər” verilişi elə bil reklam verilişdir. Hər səhər izləyirəm, müxtəlif adamları efirə çıxardaraq fərqli şeyləri reklam edirlər. İnsanlara səhər-səhər reklama baxmaq lazım deyil, onlarda xoş hisslər oyadacaq musiqili layihələr həyata keçirilməlidir. Aparıcıların da peşəkarlığı sual altındadır”.
*
“Haradadır solistlər?”
Nazim Zeynalov, həmçinin AzTV-nin strukturuna diqqət çəkərək bədii kollektiv məsələsinə də münasibət bildirdi:
“Televiziyanın saytına daxil olduqda onun strukturu haqqında ətraflı məlumat əldə etmək olur. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evi və Musiqi kolletivi mövcuddur. Ancaq biz bunları telelviziyada görə bilirikmi? Bu qədər kollektiv haradadır bəs, haradadır solistlər? AzTV-də 17 saat informasiya proqramları yayımlanır. Elə buna görə də kanala baxan yoxdur. Əvvəllər kollektivlərin planı, proqramı var idi, lakin indi yoxdur. Ona görə də ortada keyfiyyətli iş yoxdur”.
*
“Ranar Musayev orada mafiya qurub”
AzTV-nin hazırki fəaliyyətinə də toxunan qocaman rejissor onun sədrlik fəaliyyətindən narazı olduğunu qeyd etdi:
“Kanalın bədii rəhbəri olan Ranar Musayev orada mafiya qurub, ayda minlərlə manat maaş alır, lakin ortada yenə də iş yoxdur”.
*
Heydər Əliyevin AzTV-nin fəaliyyətinə verdiyi dəyər
“Deyəsən, keçən dəfəki söhbətimizdə də bu məsələyə toxunmuşduq, ancaq mən yenə qeyd etmək istəyirəm ki, Ümummilli lider Heydər Əliyevin televiziyaya verdiyi dəyəri hiss və təbliğ etmək lazımdır. İndi AzTV-də Heydər Əliyevin sitatını dəyişdirib verirlər. Ancaq Heydər Əliyev “Azərbaycan Televiziyası” yox, “Azərbaycan Milli Televiziyası” deyirdi. Heydər Əliyev, “Azərbaycan Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir”, deyib”.
“Ən böyük arzum…”
Nazim Zeynalov söhbətimizin sonunda öz arzusunu da dilə gətirdi:
“Ən böyük arzum Azərbaycan Milli Televiziyasının yaradılmasını görməkdir. İTV ilə AzTV birləşdirilərək Milli Televiziya yaradıla bilər. Mən bunu görmədən bu dünyada köçmək istəmirəm…”
Aqil Bəkir