Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə təşkil olunan IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, yekun mərhələ imtahan əsasında seçilmiş 10 nəfər arasında keçirilib. 30 suala cavab verən iştirakçılar arasından toplanan ballara müvafiq olaraq qaliblər müəyyənləşib.
Mərasimdə çıxış edən ANAİB sədri Şəmil Sadiq, TİF sədri Elnur Nəsibov, “Xan” Nəşriyyatının direktoru, yazıçı, tərcüməçi Səbuhi Şahmursoy, şair tərcüməçi Səlim Babullaoğlu marafonun məqsədindən, Azərbaycan kitabçılığı, naşirləri və oxucuları üçün önəmindən danışıb, belə tədbirlərin ənənəyə çevrilməsinin vacibliyindən söz açıblar.
Tədbirdə eləcə də hər üç təşkilatçı qurumun nümayəndələri, naşirlər, ədəbiyyat, təhsil və media nümayəndələri iştirak ediblər.
Yarışmada birinci yeri Aynurə Şərifova, ikinci yeri Vüsalə Məmmədova , üçüncü yeri isə Nigar Piriyeva qazanıb.
Əvvəlcədən elan olunmuş mükafat fonduna əsasən, birinci yerin sahibi 1000, ikinci yerin sahibi 600, üçüncü yerin sahibi isə 400 manat məbləğində mükafat qazanıb.
Sonda final mərhələsinin iştirakçılarına müxtəlif hədiyyələr, diplom və sertifikatlar təqdim olunub.
İsmayıl Bakuvi