IV Qlobal Bakı Forumu başlayıb

скачанные файлыBu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “İnterAaction Council”, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu keçirilir.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Tədbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndənin iştirakı ilə “Müştərək cəmiyyətlər və qadın azadlıqları” mövzusunda təşkil olunub. İkinci forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində “Post 2015 gündəliyi və müştərək cəmiyyətlər” mövzusunda keçirilib. İkinci forumda 42 ölkədən 165 nümayəndə iştirak edib. 2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə “Yeni dünya düzənində etimadın bərpa edilməsi” olub və bu toplantıya dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.(APA)