Final mərhələsi çərçivəsində keçirilən oyunların qalibləri müəyyən edilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IX Çağırış Kubokunun final mərhələsinə yekun vurulub.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IX Çağırış Kubokunun finalı 28 oktyabrda ”Dubai İnternational Hotel”də keçirildi. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 10 regionu və Bakını təmsil edən 30 komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində keçirilən oyunların qalibləri müəyyən edilib. Regionalar Kubokunun qalibi 45 sualdan 17-ə cavab verən Gəncə şəhərinin ”Elprimero” komandası oldu. Şəhərin digər komandası 14 suala cavab verən ”FeLiNa” ikinci, Mingəçevir şəhərinin ”Che” komandası isə üçüncü yeri tutdu.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IX Çağırış Kubokunun əsas sıralamasında isə birinci yerə digər rəqiblərini qabaqlayan ”Kidderminister” komandası yiyələndi. Onlar müvafiq olaraq 45 sualdan 26-ı cavablandırdılar.
Ümumi hesabda ”Prometey” komandası 24 düzgün cavablar ikinci, 21 suala düzgün cavab verən ”’Santa-Klara” komandası isə üçüncü yerə layiq görüldü.
Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırıldılar./Bakucity/