İxracatla bağlı bəd xəbər

12625794_10207298141724562_119473174_nAzərbaycanın keçən il üzrə ixracatı, idxalla müqayisədə azalıb və bunun da nəticəsində müsbət saldo artıq cüzi rəqəmlərlə ölçülür.

Belə ki, “İnterfaks-Azərbaycan” agentliyinin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 20 mlrd. 645 mln. 880,2 min dollar təşkil edib. Bu da əvvəlki ilə nisbətən 33,44 faiz azalma deməkdir.

Bununla yanaşı, hesabat ili ərzində ixracın həcmi 11 mlrd. 424 mln. 477,34 min, idxalın həcmi 9 mlrd. 221 mln. 402,86 min dollar olub. Deməli, 2014-cü göstəricisi ilə müqayisədə ixracın həcmi 47,66 faiz azalıb, idxalın həcmi isə cüzi 0,36 faiz artıb.

İxracın strukturunda 77,61 faiz neftin, 6,5 neft məhsullarının, 1,76 təbii qazın, 2,73 meyvə-tərəvəz məhsullarının, 0,17 çayın, 1,34 bitki və heyvan mənşəli yağların, 1,86 qəndin, 0,23 spirtli və spirtsiz məhsulların, 0,7 kimya məhsullarının, 0,98 plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,11 işlənməmiş gönvə dərinin, 0,31 qara metal və ondan hazırlanan məmulatların, 0,75 alüminium və ondan hazırlanan məmulatların, 4,87 faiz digər məhsulların payına düşüb.

İdxal məhsullarının strukturunda 10,62% ərzaq məhsullarının, 3,23% tütün və tütün məhsullarının, 0,33% sementin, 1,5% neft məhsullarının, 2,94% əczaçılıq məhsullarının, 2,22% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,49% odun və agac məhsullarının, 17,21% qara metal və ondan hazırlanan məmulatların, 26,73% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,2% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,09% mebelin, 18,45% digər məhsulların payına düşüb.

2015-ci ildə xarici ticarət əməliyyatlarında 3,593 min özəl və dövlət müəssisəsi və 3,566 min fiziki şəxs iştirak edib.

Ötən il Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2015-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 19,73%-i), Almaniya (10,71%), Fransa (7,56%) və İsrail (7,02%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,59%), Türkiyə (12,7%), ABŞ (9,19%), Almaniya (7,48%) və İtaliya (6,37%) ilə həyata keçirib.

ELÇİN