Jerom Begen: “Məqsədimiz Azərbaycan mədəniyyətini Fransada populyarlaşdırmaqdır”

“Hazırda Fransadakı bəzi qüvvələr Azərbaycan haqqında mənfi təəssüratlar yaratmağa cəhd edirlər və Azərbaycan əleyhinə təbliğat aparırlar. Biz maarifçilik fəaliyyəti ilə bunun qarşısını almağa çalışırıq”.

Bu fikirləri Fransa-Azərbaycan Dostluq Assosiasiyası İdarə Heyətinin üzvü Jerom Begen Yeniçağ.Ru-ya müsahibəsində səsləndirib.

– Cənab Begen, Bakıya xoş gəlmisiz. Səfərinizin məqsədi barədə məlumat verərdiz…

– Çox sağ olun. Əvvəla, mən Bakıya ailə vəziyyətimlə əlaqədar, ikincisi isə bir sıra mədəni-idman tədbirlərində iştirak etmək məqsədi ilə gəlmişəm. İş burasındadır ki, xanımım əslən bakılıdır. Ailəmiz beynəlmiləldir, ona görə də mənim üçün çox vacibdir ki, uşaqlarımız Azərbaycan mədəniyyəti ilə də tanış olsunlar. Mən Bakıda ötən bazar günü baş tutan marafona da qatıldım. Burada əsas məqsəd Bakıdakı Fransız Liseyini və İdarə Heyətinin üzvü olduğum Fransa-Azərbaycan Dostluq Assosiasiyasını yarışda təmsil etmək idi. Marafon 21 kilometr məsafəyə nəzərdə tutulsa da, mən 1 saat 32 dəqiqə qaçdım. Qaçış bir neçə səbəbdən bir qədər çətin alındı: Bakı ilə Paris arasındakı saat fərqi və iqlim şəraiti fərqlidir. Hazırda Fransada hava burdakından sərindir. Bundan başqa, həm də küləyə qarşı qaçmalı oldum – Bakını əbəs yerə “Küləklər şəhəri” adlandırmırlar. Marafonda qaçış zamanı geydiyim və üzərində Bakıdakı Fransız Liseyinin loqotipi olan futbolkanı məktəbin direktoru Klod Rensona bağışladım.

– Siz nə vaxtdan Assosiasiyanın üzvüsüz və sizin təşkilat Fransada hansı fəaliyyəti göstərir?

– Mən bu Assosiasiyaya ötən ildən qoşulmuşam. Assosiasiyanın prezidenti Fransa parlamentinin deputatı Jan-Fransua Mansel, baş katibi isə Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Qəhrəmanovadır. Məqsədimiz müxtəlif tədbirlər – fotosərgilər, konsertlər, milli bayramlar – vasitəsilə Azərbaycan mədəniyyətini Fransada populyarlaşdırmaqdır. Biz oradakı həmvətənlərimizi Azərbaycan mədəniyyəti ilə tanış edərək, onları maarifləndirir, Azərbaycanla Fransa arasındakı mədəni bağları möhkəmləndirmək istiqamətində fəaliyyət göstəririk.
Assosiasiyamızda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, ictimai fiqurlar və başqa tanınmışlar təmsil olunurlar. Hazırda Fransadakı bəzi qüvvələr Azərbaycan haqqında mənfi təəssüratlar yaratmağa cəhd edirlər və Azərbaycan əleyhinə təbliğat aparırlar. Biz maarifçilik fəaliyyəti ilə bunun qarşısını almağa çalışırıq.

– Son vaxtlar Assosiasiyanın xətti ilə Fransada hansı mədəni tədbirlər keçirilib?

– Biz Azərbaycanın incəsənət ustalarının iştirakı ilə müxtəlif mədəni tədbirlər təşkil edirik. Məsələn, həyata keçirilən ən böyük layihələrdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı və Assosiasiyamızın dəstəyi ilə Parisin mərkəzində – Eyfel qülləsinin yaxınlığındakı Pale-Royal meydanında “Azərbaycan kəndi”nin inşası olub. Qeyd edim ki, Parisin 7-ci dairəsinin meri, Avropa Parlamentinin, o cümlədən bizim Assosiasiyamızın üzvü Rəşidə Dati də o layihənin həyata keçirilməsində iştirak edib.

Həmin layihə ictimaiyyətin də böyük marağına səbəb oldu və Fransa-Azərbaycan əlaqələrinin güclənməsinə təkan verdi.

Orada milli mədəniyyət, xalq sənəti, Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. “Azərbaycan kəndi”ndə Azərbaycan milli musiqi alətləri və geyimlərinin, xalçalarının və digər sənət növləri üzrə nümunələrin sərgisi keçirilib. “Kənd”də quraşdırılmış səhnədə Azərbaycan musiqisi və rəqslərindən ibarət konsertlər də təşkil olunub.

Bunlardan başqa, Assosiasiyamız Fransanın cənub-qərbindəki Arkaşon şəhərində Novruz bayramı şənlikləri keçirib. Həmin tədbirdə Azərbaycan mahnı və rəqslərindən ibarət maraqlı proqram təqdim edildi. Tədbir yerli sakinlərin ciddi marağına səbəb oldu. Fransanın digər şəhərində də Novruz şənlikləri keçirilib.

Assosiasiyamız konsert və sərgi kimi tədbirləri həftədə ən azı iki dəfə keçirtməyə çalışır. Qeyd edim ki, bu tədbirlər Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilir. Ümumiyyətlə, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitin həcmi heç də az deyil və Fond bu xərcləri qarşılayır – belə də davam edirik. Assosiasiyamız isə o layihələrin həyata keçirilməsinə təşkilati dəstək verir.

– Sizin Assosiasiya Xocalı soyqırımının ildönümü münasibətilə tədbirlər keçirir?

– Bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu və o faciənin qurbanlarının xatirəsi hörmətlə anıldı. Tədbir çərçivəsində Fransadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan Rza Zeyniyevin Xocalı faciəsini əks etdirən fotoalbomu təqdim olundu. Həmin nəşrə daxil edilmiş fotoşəkillərdə erməni təcavüzünün vəhşilikləri göstərilib.
Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi o tədbir yüksək səviyyədə keçdi. Tədbirə tarixçilər, alimlər, tanınmış ictimai xadimlər qatılmışdılar.

– Bu gün baş çəkdiyiniz Fransız Liseyi haqqında hansı fikirdəsiz?

– Uşaqların təhsili və inkişafı üçün bütün şəraitin yaradıldığı bu məktəbi çox bəyəndim. Bu, Azərbaycan və Fransa mədəniyyətlərinin görüşdüyü yerdir.

– Deyirlər, Bakı haradasa Parisi xatırladır. Bu barədə nə deyərdiz?

– Fikrimcə, Osmanlı tərzini xatırladan ağ və krem rənglərdən istifadə olunan memarlıq üslubu Fransadakı analoji tikililərlə uyğunluq təşkil edir. Lakin mən Bakını Dubayla müqayisə edərdim. (gülür).

Rüstəm Qasımov
Yeniçağ.Ru