Nilufər Şıxlı: “…İstər-istəməz Rusiya KİV-nin başında duran erməni əsilli və ya ermənipərəst şəxslərin müqavimətinə rast gəlirsən”
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışında bildirdi ki, xaricdə azərbaycanlı jurnalistlər təbəqəsi yetişməlidir və onlar müxtəlif media orqanlarında təmsil olunmalıdırlar. Müsahibimiz Nilufər Şıxlı bu təbəqənin nümayəndəsi olaraq “RT” Beynəlxalq İnformasiya Agentliyinin “Rusiya hamı üçün” portalının redaktoru və müxbiridir. Qeyd edək ki, N.Şıxlı, eyni zamanda gənc yazar, şair və tərcüməçidir.
-Nilufər xanım, öncə özünüz haqda məlumat verərdiniz.
-Mən 1991-ci il aprel ayının 1-də Bakıda dünyaya gəlmişəm. Həkim-şair və riyaziyyatçı ailəsində böyümüşəm. Dörd yaşında məktəbə getmişəm. Mən dördüncü sinfi bitirəndə atamın elmi işi ilə bağlı Moskvaya köçmüşük və indi deyə bilərəm ki, bu dəyişiklik mənim həyatımda dönüş nöqtəsi olmuşdur.
Moskvada, özümdən 3 yaş böyük uşaqlarla birgə, iqtisadiyyat təmayüllü gimnaziyada oxumuşam. Orta məktəb illərində Moskva Dövlət Dizayn və Texnologiya Universitetinin dizaynerlik kurslarına, eləcə də məşhur rəssam Qalina İvançenkonun rəssamlıq dərnəyinə getmişəm. Qəribə görünə bilər, amma o zaman arzum geyim üzrə dizayner olmaq idi və xoşbəxtlikdən valideynlərim də mənim istəyimə qarşı deyildilər. 11-ci sinfin sonuna yaxın birdən-birə fikrimi dəyişdim və ailəmin təəccübünə səbəb olacaq addım atdım – sənədlərimi Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinə verdim. Yüksək balla universitetin Tətbiqi dilçilik fakültəsinə qəbul oldum. Məzun olduqdan sonra isə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Buranı da qırmızı diplomla bitirdim və yalnız o zaman hiss etdim ki, həyatda özümü tapmışam.
Hazırda “Rusiya Bu Gün” Beynəlxalq İnformasiya Agentliyinin “Rusiya hamı üçün” portalının redaktoru və müxbiriyəm. Bununla yanaşı, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının müxbir üzvü, Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Dünya Gənc Türk Yazarları birliyinin Rusiya təmsilçisi, Azərbaycanda nəşr olunan “Ulduz” jurnalının redaksiya heyətinin üzvü və Rusiya təmsilçisi, Nicat – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin həmsədriyəm. Mükəmməl olaraq dörd xarici dil bilirəm. Əsərlərim bir neçə dilə tərcümə olunaraq 10-dan çox almanaxda, müxtəlif ölkələrin qəzet və jurnallarında dərc olunub.
-Həm jurnalist, həm də yazar olmaq nə dərəcədə asan və ya çətindir?
-Rusiyanın tanınmış ictimai-siyasi xadimi, eləcə də yazıçı və publisit Yelena Kotovanın bir fikri yada düşür. O deyir ki, son zamanlar, yazıçı və jurnalist məfhumları tez-tez müəllif sözü ilə əvəz olunur. Tələbat başqalaşıb. İnsanlar əsər deyil, məqalə də deyil, maraqlı mətn oxumaq istəyirlər…
Bu fikirlə, haradasa, razılaşmalı oluruq.
Əslində, jurnalist olmaq, hansı baxımdansa yazar olmaq deməkdir. Sadəcə, jurnalist gördüyünü yazır, yazar isə təxəyyülünün məhsulunu. Lakin hər iki halda ədəbiyyatı gözəl bilmək çox mühümdür; cümlələrin dolğunluğu, məna yükü tam fərqli olur, məncə…
-Agentlikdə Azərbaycanla bağlı yazılar dərc etdirmək nə dərəcədə asandır? Ümumiyyətlə, bu saytda Azərbaycan haqda yazılar görəndə hansı hisləri yaşayırsınız?
-Adi xəbərləri dərc etdirmək heç də çətin deyil. Siyasi mövzulara toxunan zaman isə… bəli, çətinliklərlə üzləşirsən. Çünki bura başqa bir dövlətdir, özü də xristian dövləti. Hamımız bu ilin aprel hadisələri zamanı Rusiya televiziyasında, mətbuatında baş verənlərin şahidi olduq… Hansı zaman olur-olsun, Azərbaycan kimi şöhrətli, gözəl, çiçəklənən bir məmləkəti, lakin düşmənli, 20% torpaqları işğal altında olan və bu problemin həllində dünya dövlətlərinin ikili standartları ilə üzləşən bir məmləkəti təmsil etmək heç də asan deyil. İstər-istəməz Rusiya KİV-in başında duran erməni əsilli və ya ermənipərəst şəxslərin müqavimətinə rast gəlirsən. Bununla belə, əsl jurnalist – lazım olduğunda hökumətlərə və güc mərkəzlərinə qarşı döyüşməyi gözə alan insana deyilir. Hər zaman azərbaycanlı adını layiqincə daşımağa çalışır, onun təəssübünü çəkir, çətinliklərin öhtəsindən gəlməyə çalışıram. Azərbaycandan uzaqlarda yaşamaq, bəlkə də, onu mənə daha çox sevdirib, daha ürəkdən bağlayıb. O, mənim canımdır, mənsə onun bir zərrəsi!
-Sizdə qəribçilik hissi, nisgil yaranırmı? Qoyub gəldiyiniz Bakı yaddaşınızda necə qalıb?
-Biz Azərbaycandan gedəndə mən uşaq idim, 7-8 yaşım vardı. Ancaq, buna baxmayaraq, vətənimə çox dərin məhəbbətim vardı. Onu tərk etmək istəmirdim. Yadımdadı, eşidəndə ki, biz artıq Moskvada yaşamalıyıq çox ağlamışdım. Özümü Bakısız, sinif yoldaşlarımsız, qohumlarımsız təsəvvür edə bilmirdim. Hələ də bilmirəm. Uşaq olanda valideynlərimdən asılı idim, yalnız onlarla bərabər gedirdim Bakıya və hər Moskvaya döndüyümdə bir neçə gün özümə gələ bilmirdim. İndi isə bir-iki həftə boş vaxtım olan kimi, məzuniyyətə çıxan kimi, bilet alıb Azərbaycana uçuram.
Təəssüf olsun ki, mən uşaqlığımdakı Bakını gözümün qabağına gətirə bilmirəm. Bircə o yadımdadır ki, şəhərim çox küləkli idi. İndi elə deyil. Yəqin yeni, hündür binaların çoxluğundandır. Mən hər gəldiyimdə Bakımı daha da gözəl görürəm – son səfərimdən yarım il keçir, yoxsa bir ay – fərq etmir, onsuz yaman darıxıram…
-Azərbaycan diaspor jurnalisti olmaq sizin üçün nə dərəcədə məsuliyyətli və maraqlıdır?
-Öncə demək istəyirəm ki, insan kim olduğunu unutmamalıdır. Kim olduğunu dedikdə, yəni hansı xalqın nümayəndəsi olduğunu. Hansı sənət sahibi olursan ol, harada yaşayırsan yaşa, hansı yaşda olursan ol – mənsub olduğun xalqın adını uca tutmağı, ona gərəkli olmağı, onun xeyrinə hərəkət etməyi bacarmalısan. Əks halda, yaşamağının mənası yoxdur!
Bu baxımdan jurnalistlər böyük məsuliyyət daşıyırlar. Jurnalistin etibarlı adam olması məcburidir. Onlar xalqın danışan dili, həqiqətləri əks etdirməyi bacaran qələmidirlər. Siyasi savadlı, bir neçə dil bilən kadrlar yetişməlidir, tariximizi gözəl bilməliyik ki, heç bir halda heç zaman bizi xoşagəlməz duruma sala bilməsinlər. Bizi yalanlarla, yüksək tonlarla susdurmaq mümkün olmasın. Öz xalqımızın, onun milli liderinin etimadını doğrultmağı bacarmalıyıq! Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər icitmai sahədə, istərsə də iqtisadi və xarici siyasət sahəsində.
Marağa gəlincə, mən uzun müddət Ümumrusiya Azərbaycan Konqresinin internet portalının baş redaktoru və bu portalın qurucularından biri olmuşam. Bu işi hər zaman böyük həvəs və əzmlə görmüşəm. Öz soydaşlarımın arasında olmaq və lazımlı olmaq, vətən üçün vətən naminə çalışmaq – bu, çox şərəfli və gözəldir.
-Bilirik ki, bu günlərdə Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin keçirdiyi Beynəlxalq Şairlər Günündə Müşfiq mükafatına layiq görülmüsünüz. Bu münasibətlə sizi təbrik edirik. Mümkünsə, gələcək planlarınızdan danışardınız.
-Bəli. İyun ayının 5-də – Mikayıl Müşfiqin doğum günündə keçirilən VI Şairlər Günündə dahi şairimizin adını daşıyan bu mükafata mən də layiq görüldüm. Çox sevindiricidir. Gənc yazar üçün bu, böyük dəyərdir.
Planlarıma gəlincə… Bir neçə işin üzərində çalışıram. Roman yazıram. Demək olar ki, tam hazırdı, amma hələ nəşrə verməmişəm.
Azərbaycan, rus və türk dillərində şeir və hekayələrimdən ibarət üç kitabı çapa hazırlayıram.
Rus dilinə tərcümə etdiyim daha iki kitab var planda. Biri tanınmış Azərbaycan yazarlarının Qarabağ faciəsinə həsr etdikləri hekayələr toplusudur, digəri isə yenə də Azərbaycan şairlərinin şeirlərindən ibarət bir toplu olacaq ki, inşaallah, yaxın zamanlarda rusdilli oxuculara təqdim etməyi nəzərdə tuturam. Ümumiyyətlə, deyə bilərəm ki, tərcümə işi son iki ildə həyatımın ayrılmaz bir hissəsinə çevrilib.
Fuad Hüseynzadə/Palitra