Tanınmış jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” adlı növbəti kitabı çapdan çıxıb.
Yenicag.az xəbər verir ki, Özbəkistan səfərinin yekunu olaraq təəssüratlarını oxucularla bölüşən müəllif bu ölkədə gəzib-gördüyü şəhər və kəndlərin tarixi abidələri, mədəniyyət və məişəti, iqtisadiyyatı, turizm potensialı, ən əsası isə insanların özünəməxsus, ənənəvi adət-ənənələri barədə oxucuları məlumatlandırır. .
Müəllif 14 fəsildən ibarət kitabında Özbəkistanın bütün vilayətləri haqqında ayrıca söhbət açır. Qeyd edir ki, ölkənin harasında yaşamasına baxmayaraq insanlar Azərbaycan haqqında yalnız xoş sözlər deyir, Bakını görmək arzularını dilə gətirirdilər. Hətta yaşlı insanlar SSRİ zamanında azərbaycanlı dostlarının olduğunu deyər, onlarla bağlı xoş xatirələr danışırdılar.
Yazıçı əsəri boyunca Özbəkistanın bütün şəhərlərində təmizliyə maksimum fikir verilməsindən, hətta, məsələn, paytaxt Daşkəndin küçələrində yerdə adi siqaret qalığını belə görməməsindən ağız dolusu söz açır. “Şəhərlərdə bağ və parklarda, enli küçələrin kənarlarında sırayla əkilmiş, biz azərbaycanlıların da sevə-sevə yediyi al-əlvan rəngli reyhanların ətri adamı bihuş edir” yazan müəllif əlavə edir ki, bu ölkənin şəhərlərində ağacı kəsmək cinayət sayılır və ona görə də hər yerdə onillərə, hətta əsrlərə şahidlik etmiş çinarlar adamı heyrətə salmaqdadır.
Əsərdə Fərqanə vaidisinə geniş yer ayrılıb. Dünyanın ən hündür dağlarının arasında yer alan bu vadini əfsanəvi cənnət adlandıran müəllif yazır ki, Sırdərya çayı və qollarının suvardığı Fərqanədə bir qarış da olsun torpaq istifadəsiz qalmır – mütləq ya meyvə ağacları, ya da üzüm tingləri əkilir. Ucsuz-bucaqsız pambıq plantasiyaları, üzümliklər və xüsusən son illər sahələri sürətlə genişləndirilən meyvə bağları, Fərqanə vadisinin əhalisi üçün həm iş yeri, həm də qazanc və ərzaq bazası rolunu oynayır.
Beləliklə, “İki çay arasında cənnət” kitabı qardaş Özbəkistan dövlətini tanıyıb-duymaq istəyən hər kəs üçün zəngin mənbə rolunu oynaya bilər.