Asəf Mərzili: “Yanğın hadisəsi peşə fəaliyyətimlə bağlıdır”
Martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilin bir qrup şəxs tərəfindən benzin tökərək yandırılmasına cəhd edilib. Məlum olub ki, həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb. Fakt üzrə elə dünəndən başlayaraq müvafiq qurumlar tərəfindən cinayət işinə başlanılıb.
Olayla bağlı Yenicag.az-a açıqlama verən Asəf Mərzili qeyd etdi ki, hadisənin özünün peşə fəaliyyətilə bağlı olduğunu düşünür: “Hadisə martın 14-də, gecə saatlarında baş verib. Bəxtimiz gətirib ki, binanın 5-ci mərtəbəsində yaşayan qonşu siqaret çəkməyə çıxarkən təsadüfən həyətdə şübhəli şəxslərin var-gəl etdiyini görüb. Onları sona qədər izləyib və məlum olub ki, həmin şəxslər həqiqətən bina sakinləri olmayan bədniyyətli insanlar olub. Onlar bizim mənzil olan yerə yaxınlaşaraq qəflətən benzin tökərək yandırmağa cəhd ediblər. Qonşu dərhal 101 xidmətinə zəng edib, sonra da qapımızı döyərək bizi yuxudan oyatdı. Dərhal ailə üzvlərin köməyi ilə alovu demək olar söndürə bildik. O anda da yanğın mühafizə xidmətinin əməkdaşları gəldilər. Özüm 102 xidmətinə zəng etdim, dərhal Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşları da gəldilər. Dərhal da cinayət işinə başlanıldı. Hazırda istintaq əməliyyat tədbirləri həyata keçirildiyindən və istintaq sirri olduğundan onun gedişi barədə mətbuata məlumat verə bilmərəm. Amma artıq cinayət işinin istintağı hüquq-mühafizə orqanlarının rəhbərliyi səviyyəsində nəzarətdədir. Xətai Rayon Prokurorluğu da işi nəzarətə götürüb. Hələlik saxlanılanlar da yoxdur. İstintaqın nəticəsi barədə də tezliklə mətbuata müəyyən məlumatlar veriləcək. İstintaqçılar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tədqiqatçıları hadisə yerini müayinə edərkən dərhal bildirdilər ki, hadisə qəsdən törədilib. Özümün də versiyam onun üzərindədir ki, hadisə peşə fəaliyyətimlə bağlıdır. Yəqin ki, istintaq da peşə fəaliyyətilə bağlı məqamlar üzərində işini quracaq. Onu da deyim ki, hadisədən sonra Xətai Rayon Polis İdarəsinin pos-patrul xidməti əməkdaşları gecə-gündüz bina ətrafına nəzarəti də gücləndiriblər”.
ELÇİN