Hər zaman narahatlıqla izlədiyim toplumsal problemlərin son zamanlarda pik həddə çatdığını görür və bu barədə davamlı yazılar yazmağa çalışıram. Ancaq, nənəmin sözü olmasın, Allah elə vurub ki, peyğəmbər də düzəldə bilmir.
Cəmiyyətdəki problemlərin yaradıcıları başqaları olsa da, səbəbkarı yenə toplum fərdləridir. Etiraz mədəniyyətinin olmaması, qorxaqlığa varan gözükölgəlilik, hər şeyi lağlağıya çevirmək və bütün dəyərlərlə əks qütbdə dayanan zadları, yaxud şeyləri günlərin zirvəsinə daşımaq – bunları edənlər bizik və sonra onları aşağılayan da yenə bizik. Yəni hazırda bir Yusif Sərrac vaqiəsinin tam mərkəzindəyik, gedən başlar da həminkilərdir.
Bu həftə jurnalist Aləmdə Nəsibin “Koroğlu” Mübadilə Mərkəzində qarşılaşdığı marşrutsuzluq problemi, bununla bağlı paylaşdığı video qeyd etdiyim mənzərəni anlamamız baxımından çox yaxşı nümunədir.
İşdən yorğun-arğın çıxıb evə getmək istəyənlər dayanacağa gəlib gözləyirlər, gözləyirlər, gözləyirlər… Ancaq nə gələn marşrut avtobusu olur, nə də gedən. İnsanlar da taksiyə minib gedirlər evlərinə. Bəlkə, çoxları ürəyində giley-güzar edir, lakin onu səsləndirmir. Ancaq səsləndirmək, ictimailəşdirmək və etiraz səsini yüksəltmək lazımdır. Necə ki jurnalist etdi. Bundan sonra “Qadınsan, yerini bil” kimi təhdidkar cümlə eşitsə də.
Məsələn, oradakı vətəndaşlar heç bir şey olmamış kimi getməsəydilər, bir az gözləyib, birlik olub məsul şəxsin yaxasından yapışıb, “Haradadır bu andıra qalmış marşrut?” – desəydilər, nə min əziyyətlə qazandıqları 1-2 manatlarından olacaqdılar, nə də sinəsini qabağa verən xanım hansısa işbilməzdən təhdidvari söz eşidəcəkdi.
“Haqsızlığa susan dilsiz şeytandır”, – deyiblər. Biz şeytan levelini çoxdan keçmişik. Bəzi dövlət qurumları isə arsızlığın pikini yaşayır, camaatı soymaqdan, haqq mənimsəməkdən bir an olsun geri durmurlar. Cəmiyyət bu kimi hallara səs yüksəltmədikcə dövran belə də davam edəcək. Bir güllə bahar olmaz, vətəndaş.
Biz övladlarımızı müti yox, haqqını tələb edən, sözünü deyən və lazım gələndə o sözü alıb 7 arxadönənindən keçirən şəxs kimi yetişdirməliyik. Dünən Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. Bu günlərdə onlara ən böyük hədiyyə vətəndir, dövlətdir. Vətəni vətən edən onun “daş”ıdır. Ona görə də uşaqlara “daşı”ı yaxşıca başa salmaq lazımdır. Lazımdır ki, onlar da Bakı Nəqliyyat Agentliyi timsalında millətin boğazına çökmüş hansısa qurumu “ikinci arvad” kimi saxlamasınlar.
***
Yazını bitirmişdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında Vətən müharibəsi qazilərinin keçirdiyi aksiyadakı görüntülərə, onların nazirliyin giriş qapısını sındırdıqları videoya baxdım. Heç nə. Vətən üçün canlarından keçmiş şəxsləri bu duruma düşürən, bu həddə çatdıran Müdafiə Nazirliyi və ƏƏSMN, görəsən, utanırmı?!