Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

DİM-in mətbuat xidmətindən Yenicag.Az-a verilən məlumata görə, bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 124 nəfərini oğlanlar, 287 nəfərini qızlar təşkil edir. 372 abituriyent Azərbaycan, 39 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və video-bağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən abituriyent mövzunu açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli, ictimai-siyasi problemləri təhlil etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.

Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcək.

İnşa yazı (esse) 2-4 səhifə (ən azı 420 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

Yenicag.Az

COP29