Jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı lazımdırmı? – Professor etiraz edir

“Abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistika ixtisasına keçirilən qabiliyyət imtahanı haqda danışan professor Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, qabiliyyət imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçün isə əlavə təşkilati qayğıdır:

“Qabiliyyət imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçün isə əlavə təşkilati qayğıdır. Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Esse (inşa) yazanda adam jurnalist olur? Qabiliyyət imtahanının bir məntiqi yoxdur. Yəni, qabiliyyət imtahanı tamamilə artıq bir prosesdir. Bu imtahan o ixtisaslarda olmalıdır ki, onlar xüsusi yaradıcılıq istedadı tələb edir. Məsələn, musiqi, rəssamlıq, idman, və sair ixtisaslarda. Jurnalistika sosial, ictimai institutdur. Necə ki həkim xəstəni sağaltmaq eşqi ilə, Tibb univeristetinə qəbul olan bu romantika ilə, amalla yaşayır, jurnalist də cəmiyyətə doğru informasiya verməlidir. Yoxsa, inşanı yaxşı yazdın, beyindən fantaziyalarla uydurdun ki, bu, yaxşıdır, ya pisdir, onunla jurnalist olunmur”.

Q.Məhərrəmli qeyd edib ki, esse yazmaq qabiliyyəti jurnalist qabiliyyəti üçün heç bir təminat vermir:

“Ümumiyyətlə, esse yazmaq qabiliyyəti jurnalist qabiliyyəti üçün heç bir təminat vermir. Çünki xəbər xüsusi texnologiya ilə yazılır. Reportaj da bir üslubdur. İqtisadçı, hüquqşünas üçün qabiliyyət imtahanı olmadığı kimi, jurnalistika üçün də bu imtahanına ehtiyac yoxdur. Əsas məsələ odur ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb. Yəni, təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri var”.

İsmayıl Bakuvi

COP29