Jurnalistlər cərimə olunacaq – Dil qaydalarını pozduqlarına görə

Misirli jurnalistlərin ağır günləri başlayacaq-ədəbi dil normalarını pozmağa görə…

Misir parlamentinə yeni qanun layihəsi daxil olub ki, ona əsasən də telekanal, radio, qəzet, sayt və s. media vasitələrində ədəbi dil normalarının pozulması külli miqdarda cərimə, hətta həbslə cəzalandırıla bilər.

Qahirə Ərəb Dili Akademiyasının hazırladığı qanun layihəsinə görə, müəyyən olunmuş ədəbi dil qaydalarını pozan jurnalistlər 10-50 min Misir funtu məbləğində cərimələnəcəklər. Layihə müəllifləri hətta təklif edirlər ki, 3 ay ərzində cərimə məbləğini ödəməyənləri azadlıqdan məhrum etmək, eyni zamanda 100-200 min funt məbləğində cərimə etmək gərəkdir.

Azərbaycan televiziya və qəzetlərində də ara-sıra ədəbi dil qaydalarının pozulması hallarına rast gəlinir. Bu fonda həmin tendensiyaya son qoymaq üçün görəsən Azərbaycanda da Misirdə olduğu kimi ədəbi dil normalarını pozan jurnalistlərə qarşı anoloji cəzaların tətbiqi mümkündürmü?

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Yenicag.az-a açıqlamasında bildirdi ki, Avropa Şurasına üzv olan Azərbaycanda ədəbi dil qaydalarını pozmağa görə cərimə və həbs cəzalarının tətbiqi yolverilməzdir:

“Adətən, qeyri-sivil ölkələrdə televiziya və mətbuatda ədəbi dil qaydalarını pozan vətəndaşlara qarşı bu cür cəzalar tətbiq olunur. Azərbaycan isə Avropa Şurasının üzvüdür. Ona görə də Avropa məkanındakı ölkə olaraq Azərbaycanda belə bir qanunun qəbulu yolverilməzdir. Ümumiyyətlə, ədəbi dil qaydalarını pozmağa görə cinayət məsuliyyətinin tətbiq edilməsi sivil düşüncə tərzinə ziddir.

Heç bir dövlət monolit deyil, fərqli-fərqli ləhcələr var. İnsanlar da buna uyğun şəkildə yaşadığı, təhsil aldığı ölkəsində dildən fərqli şəkildə istifadə edə bilər. Ədəbi dil qaydaları təbii ki, rəsmi yazışmalarda istifadə oluna bilər və bu hal dövlət qurumları tərəfindən təqdim olunan sənədlərdə əsas rol oynayır. Televiziya cəmiyyəti əks etdirən bir güzgüdür. Cəmiyyətdə də fərqli danışıq stilləri var. Bu tendensiyadan da qorxmaq lazım deyil, bu, əslində bir zənginlikdir. Tez-tez qürurla Azərbaycanda tolerantlığın olduğunu, ölkəmizin multikultural dəyərlərə önəm verdiyini söyləyirik.

Sadəcə, bununla bağlı Milli Teleradio Şurası lisenziya şərtlərinə nəzarət edə bilər. Amma lisenziya şərtlərində dildən istifadə edərkən nəyin nəzərdə tutulduğu barədə aydın, konkret normalar yoxdur. Ona görə ehtimala söykənməklə televiziyada ədəbi dil qaydalarını pozmağa görə cərimələr və hətta həbs tətbiq edilə bilməz”.

ELÇİN

COP29