“Jurnalistlər ən yaxşı agent ələ keçirənlərdir” – İlham İsmayılla 100 illiyə baxış – MÜSAHİBƏ

Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il mart ayının 28-də yaradılıb.

Martın 28-i Azərbaycanda ənənəvi olaraq təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Xüsusi xidmət orqanlarının keçdiyi yol və hazırkı durumu ilə bağlı Yenicag.az-ın suallarını keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl cavablandırıb.

– İlham bəy, casusluğun tarixi ilə bağlı fikirləriniz maraqlıdır…

– Casusluq dünyanın ən qədim ikinci peşəsi sayılır. Hətta zarafatla deyirlər ki, casusluq birinci peşədir. Çünki yaxşı xanımı da tapmaq üçün, gərək yaxşı casus olasan. Zaman keçdikcə, dövlətlər yarandıqca, gördülər ki, casusluq dövlətin sütunlarından biridir və onu inkişaf etdirdilər, müasir dövrümüzə çatanda, artıq onu idarələşdirdilər. Casusluq artıq dövlətin vacib güc strukturlarından birinə çevrildi. Ötən il Azərbaycan dövlətinin 100 illiyini olduğu kimi, onun xüsusi xidmət orqanının da 100 illiyini qeyd etmək bizim üçün şərəfdir. Biz indiyə qədər hər şeyi Sovet tarixi ilə ölçmüşük.

Azərbaycanın ilk xüsusi xidmət orqanı Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində General-kvartirmeyster adlanan kəşfiyyat və əks kəşfiyyatdan ibarət olan idarə olub. Bu idarə Səməd bəy Mehmandarovun təşəbbüsü ilə yaradılıb. Qısa bir müddətdə yeni yaradılmış xüsusi xidmət orqanı neft yataqlarının qorunmasında, xüsusilə Qarabağda böyük fəaliyyət göstərib. Azərbaycan xüsusi xidmət orqanı qısa müddətdə çox keçməkeşli yol qət edib. Sovet hökumətinin gəlişi ilə Fövqəladə Komissiya yarandı və Azərbaycan xüsusi xidmət orqanı Fövqəladə Komissiyanın apardığı siyasətin tərkib hissəsi oldu.

1937-ci il repressiyasından sonra ölkədə yumşalma oldu və xüsusi xidmət orqanlarında təkmilləşmə oldu. Bu təkmilləşmənin bir hissəsində də mən işləmişəm. 1982-ci ildə mən Dövlət Təhlükəsizlik Komitəsinin Minsk ali kursuna daxil olmuşam, 1995-ci ilin sonuna qədər orada fəaliyyət göstərmişəm.

Biz zamanında 20 dekabrı – 1917-ci ildə Fövqəladə Komissiyanın yaranma gününü bayram kimi qeyd etmişik. Deyirlər, keçmiş kəşfiyyatçı olmur, bu təkcə Fövqəladə Komissiyaya aid deyil. Bu ümumiyyətlə bütün xüsusi xidmət orqanlarına aiddir: Mossadın da, FTK-nın da, Mərkəzi Kəşfiyyat İdarəsinin də işçilərinə. Xüsusi xidmət orqanının işçisinin xarakteri fərqli olur. Minskdə oxuyanda küçədə gedərkən indiyə qədər bilmədiyimiz, baxmadığımız şeylər də diqqətimizi cəlb etməyə başlayırdı. Bu ümumiyyətlə bütün xüsusi xidmət orqanlarının işçilərinə aiddir. Əgər bir yerə gedirsənsə, orada gördüyün hər şeyi 1 saatlıq da olsa yaddaşında saxlayırsan. Misal üçün, mən getdim, yanımdan keçən maşının rəngi bu idi, filan adam diqqətimi cəlb etdi. Bu, artıq vərdişə çevrilir. Yeri gəlmişkən, kadrları i.ə götürərkən onun yaddaşı, xüsusi müşahidə qabiliyyəti və məxfiliyi gözləməsi diqqətə alınır.

– “Difai”ni xüsusi xidmət orqanı adlandırmaq olar?

– “Difai” Əhməd bəy Ağaoğlunun şəxsi təşəbbüsündən irəli gələrək, millətin xilası yolunda atdığı addımlardan biri idi. Düzdür, bəzən onu terror təşkilatı adlandırırlar, ancaq yeri gələndə millət naminə bu cür addımlar atmaq olar. “Difai” şəxsi təşəbbüs idi, dövlət təşəbbüsü deyildi. Ona görə də onu xüsusi xidmət orqanı adlandırmaq olmaz.

– SSRİ dağılandan sonra Azərbaycanın xüsusi xidmət orqanları yenidən formalaşmağa başladı. Bu prosesdə sizin də əməyiniz olub. Bu keçməkeşli yol barədə danışardınız…

– Mən DTK-yə daxil olanda Sovet hökumətinin yaxşı vaxtları idi. Brejnev hələ hakimiyyətdə idi. Bu proses 1987-ci ilə qədər davam etdi. Bu tarixə qədər xüsusi bir ağırlığımız yoxdur. Dövlətdə bir problem yox idi. Qorbaçov hakimiyyətə gələndən və yenidənqurma siyasəti başlayandan sonra SSRİ-nin mövcud olmuş bütün formulları dağılmağa başladı. Nəhəng bir ölkə dağılırdı və təbii ki, xüsusi xidmət orqanı da əvvəlki kimi məsələlərə yanaşmırdı. Bizdə isə proseslər Qarabağ məsələsi ilə başladı. Qarabağ məsələsi başlayanda Azərbaycan dövlət təhlükəsizlik xidmətinin 90%-i Azərbaycanın tərəfində idi. Kim fikirləşirsə ki, bu qurum Moskvanın idarəsidir və Moskva necə istəyirsə, elə də fəaliyyət göstərib, yanılır. Moskvaya bağlılıq təbii ki var idi. Ancaq biz bu bağlılıqdan istifadə edib, qarşı tərəfi, düşməni sıradan çıxarırdıq. Yeri gələndə Moskvanın maraqlarının da əleyhinə gedirdik. Bunu görürdülər və Moskva artıq bizə inanmırdı. Əvvəllər Moskvadan ezamiyyətə gələnləri çox yaxşı qarşılayardıq, Hacıkəndə, Göy-Gölə aparardıq. Ancaq özümüzə söz vermişdik ki, bu xoş münasibət olmayacaq. Ona görə də bundan sonra onları başlı-başına buraxırdıq.

Başqa təşkilatlarda bu proses çox çətin və ağrılı keçib. Bizdə isə xüsusi bir ağırlığı olmayıb. Yadımdadır ki, 1992-ci ildə Şəmkir rayonunun rəisi idim. Bizə plan göndərilmişdi, ancaq o rus dilində idi. Həmin planı görəndə çox təəccüb etdim. Hətta bununla bağlı mətbuatda da çıxış etdim. Elə o vaxtdan inqilabçı idim. O vaxt bildirdim ki, biz müstəqil ola-ola rus dilində planlar alırıqsa, bizim ölkənin ən məxfi açarları Moskvanın əlindədir. Biz rus dilindən imtina etməliyik. Şəxsən özüm Şəmkirdə rus katibəni işdən çıxardım, bir müddət sonra isə Azərbaycan dilində yaza biləcək katibəni işə götürdüm. Fəxr edirəm ki, Şəmkir rayonunda rəis olanda divarda Azərbaycan bayrağının fonunda, Azərbaycan dilində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir rayon bölməsi”ni yazdırdım.

– Sonra nələr baş verdi?

– Müstəqillikdən əvvəl də rəhbərlikdə Azərbaycanın marağı çərçivəsindən kənara çıxılmırdı. O dövrdə Vaqif Hüseynovun fəaliyyəti danılmazdır. Gəncəbasar, Qarabağ və digər bölgələrdə bütün təmizləmə işlərini Vaqif Hüseynovun siyasəti əsasında həyata keçirirdik. Vaqif Hüseynovun Moskva ilə yaxşı münasibəti var idi. O, bu münasibətdən istifadə edərək Moskvanı neytrallaşdırırdı. Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) ilə birgə əməliyyatlar keçirirdik. O vaxt heç kəsdə silah yox idi. Silah olan bu iki qurum idi. İki qurum o dövrdə xeyli işlər gördü. O vaxt Azərbaycan ordusu olmayanda MTN və OMON 12-dən çox kənd və bir rayonu azad etmişdi.

Vaqif Hüseynovdan sonra İlhüseyn Hüseynov rəhbər oldu. Çox peşəkar kəşfiyyatçı idi. O, çox qısa müddət işlədi, yaşlanmışdı. Məni Şəmkirə İlhüseyn Hüseynov rəis göndərmişdi. Sonra rəhbərliyə Fəxrəddin Təhməzov gətirildi. O da 1 il rəhbərlikdə oldu. Ondan sonra Nəriman İmranov, 1995-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Namiq Abbasov MTN rəhbəri oldu.

– Azərbaycanı casus şəbəkələrinin oylağı adlandıranlar var. Siz buna necə baxırsınız?

– Azərbaycan tarixən, SSRİ dövründə, elə indi də burada marağı olan dövlətlərin kəşfiyyatının diqqət mərkəzində olub. Maksimum çalışıblar ki, onların burada casusları, informasiya mənbələri olsun. Təbii ki, Azərbaycanda ən güclü casus şəbəkəsi 70 il tərkibində olduğumuz Rusiyadır. Sonra isə İran və digər marağı olan dövlətlər. Qonşu dövlətlərin kimliyindən asılı olmayaraq hamsının Azərbaycanda casus şəbəkəsi var. Azərbaycanın da bütün qonşu dövlətlərdə casus şəbəkəsi mövcuddur. Azərbaycanda casus şəbəkəsinin olması bizim geopolitik mövqeyimizlə, enerji resuslarımızla, dünya üçün təhlükə hesab edilən Rusiya və İran arasında yerləşməyimizlə sıx bağlıdır. Azərbaycanda casus şəbəkəsinin olması təbiidir, Azərbaycan xüsusi xidmət orqanlarının işi də o şəbəkələri aşkar etməkdir.

– Deyirlər, ən yaxşı kəşfiyyatçılardan belə daha yaxşısı jurnalistlərdir. İnformasiya əldə etmək baxımından, informasiya ilə işləmək baxımından. Siz isə həm də jurnalistsiniz…

– Minskdən Bakıya gələndə məni Namiq Abbasovun şöbəsinə vermişdilər. Namiq Abbasov soruşdu ki, sənin peşən nədir? Dedim, jurnalist. Güldü. O da jurnalistdir. Dedi, jurnalistlər ən yaxşı agent ələ keçirənlərdir. Ona görə ki, onlar insanlarla işləməyi bacarırlar. Sovet dövründə SSRİ Teleqraf Agentliyinin müxbirlərinin demək olar ki hamısı xüsusi xidmət orqanları ilə bağlı adamlar idi. Moskva mətbuatının xaricdəki nümayəndələrinin əksəriyyəti kəşfiyyata bağlı idi. Bunu xaricdə də bilirdilər.

ABŞ və Avropa bunun başqa yolunu da tapıblar – Qeyri Hökumət Təşkilatları. Qərbdəki QHT-lərin demək olar ki hamısı kəşfiyyata bağlı mərkəzlərdir. İnformasiyanı əldə etmək təsir etmək və təbliğat aparmaq üçün ən yaxşı formadır.

– Azərbaycan xüsusi xidmət orqanları Eldar Mahmudov məsələsindən sonra bir mərhələ adladı. MTN ləğv edildi, yerində iki qurum yaradıldı. Bütün bu prosesi qısa şərh edərdiniz.

– 2004-cü ildən 2015-ci ilə qədər Eldar Mahmudovun səriştəsiz fəaliyyətinin doğurduğu acı nəticələrilə üzləşdik və bu gün də bu proses davam edir. Zamanında xüsusi xidmət orqanına lazımi dəyər verilməyib. 2015-ci ildən bəri Eldar Mahmudov dövründə dağıdılmış struktur bərpa edilir. Proses hələ davam edir. Bəzi peşəkarların da qayıtmağı çox yaxşı oldu. Xüsusilə, radikal dindarlar çox ciddi nəzarətə götürülüb. Din xətti ilə Azərbaycan əleyhinə fəaliyyət göstərənlər aşkar edilir.

Son dövrlər Xüsusi xidmət orqanlarımızın fəaliyyətini müsbət qiymətləndirirəm. Bir də bir şeyi unutmaq olmaz ki, xüsusi xidmət orqanı dövlət siyasətini həyata keçirən təşkilatdır. O özündən nəsə icad etmir.

Səxavət Məmməd