Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalistlər “kupça” probleminin həlli xahişilə Prezident İlham Əliyevə müraciət etdilər - MƏTN

Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 2-ci binanın sakinləri dövlət başçısına müraciət ünvanlayıb.

Yenicag.az jurnalistlərin 2-binasındakı mənzillərə çıxarış verilməsi probleminin həlli xahişilə Prezident İlham Əliyevə ünvanladıqları müraciətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan şosesi 22 ünvanda yaşayan jurnalistlər tərəfindən MÜRACİƏT

Hörmətli cənab Prezident!

Sizin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında Bakı şəhəri Səbail rayonu ərazisində tikilmiş 255 mənzillik 2-ci binada mənzillə təmin olunmuş jurnalistlər olaraq Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.

Sizin bu qayğınız nəticəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib oldu və həyat şəraitlərini, yaradıcılıq imkanlarını yaxşılaşdırdı. Bu da öz növbəsində biz jurnalistlərin dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı ilə bağlı tərəfinizdən aparılan daxili, xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması, cəmiyyətimizin dünyada, ölkədə baş verənlər haqda məlumatlandırılması, maarifləndirilməsi istiqamətində daha fəal, effektiv işləməyimizə səbəb oldu.

Hörmətli cənab Prezident!

20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların verilməsi həyata keçirilməyib. Bu da bizim üçün əlavə problemlər yaradır – məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb, bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.

Hörmətli cənab Prezident!

Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası, indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub.

Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir.

Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdirilməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə: Jurnalistlərin 2-ci binasının sakinləri 04.09.2019”

www.yenicag.az

880
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM