Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalistlər üçün mediatur başa çatdı - Şəki, Qax və Gəncəyə səfər

Kənd Təsərrüfatı Nazirliyi Şəki, Qax, Gəncəyə mediatur təşkil edib. 20-yə yaxın media nümayəndəsinin qatıldığı mediaturun əsas məqsədinin qeyd edilən bölgələrdə görülən kənd təsərrüfatı işləri barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Yenicag.az adı çəkilən rayonlarda kənd təsərrüfatı işləri ilə bağlı ikinci yazını təqdim edir.

İyulun 7-si, mediaturun ikinci günündə jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub və universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanalar, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, anatomiya və pataloji anatomiya muzeyləri və digər yerlərləri gəziblər.

Universitetin rektoru, professor İbrahim Cəfərov kənd təsərrüfatı sahəsinin inkişafının özəyində savadlı kadrların hazırlanmasının önəmini vurğulayaraq, tələbələrə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktik vərdişlər aşılamağın vacibliyindən söz açıb. O, bunun üçün universitet daxilində hər cür şəraitin yaradıldığını bildirib:

“Bu gün ölkənin Aqrar Universitetə böyük ehtiyacı var. Çünki Azərbaycanda bir çox ali təhsil müəssisəsi var, lakin aqrar sahədə təhsil verən yeganə ali məktəb Azərbaycan Dövlət Aqrar Universitetidir. Universitetin rektoru olaraq sahələrdə, fermalarda, həmçinin xarici mütəxəssislərin yanında olarkən doğurdan utanc hissi keçirirəm. Amma bunun obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərdən biri ondan ibarətdir ki, kolxoz və sovxozlar dağıldıqdan sonra özəlləşmə prosesi getdi, torpaqlar əhaliyə paylandı və kiçik pay sahibləri meydana çıxdı. Onların da mütəxəssisə, aqronoma ehtiyacı olmadığından bu sahələrə maraq ildən-ilə azalmağa başladı və sonda kadr çatışmazlığına gətirib çıxardı. Lakin iri təsərrüfatların yaranması və getdikcə artması bu sahədə mütəxəssis hazırlığını zəruri edir. Biz də əlimizdən gələni edirik ki, savadlı, bacarıqlı kadrlarımızın sayı çoxalsın. Azərbaycanda 54 universitet arasında ilk müasir yataqxana layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün 5 milyon manat, həmçinin gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və daha bir yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb. Universitetimiz dünyanın, o cümlədən Almaniyanın qabaqcıl universitetləri ilə elmi mübadilə edir. Hər il ona yaxın tələbəmiz, həmçinin müəllimimiz Almaniyaya göndərilir, oranın mütəxəssisləri universitetimizə gələrək mühazirələr keçirir. Bu sahədə nəzəriyyədən daha çox praktik məşğələlərə böyük ehtiyac var və son illər ərzində universitetdə bunun üçün hər cür şərait yaradılıb”.

Aqrar Universitetdə yaranmış şəraitlə yaxından tanış oluruq. Süni mayalandırma mərkəzində iş prosesini, süni mayalanma yolu ilə yaradılmış balıqları izləyirik. Mütəxəssislər rəngli balıqların daha çox akvarium üçün yetişdirildiyi və satıldığını deyirlər. Universitetdə quşçuluq və tərəvəzçilik sahəsi ilə də tanış oluruq. Burada yetişdirilən məhsullar işçilərə verilir və yaxud satışa da çıxarılır. İbrahim Cəfərov bildirir ki, universitetdə tələbələr də işlə təmin edilib. Onlar həm işləyərək maaş alır, həm də praktika keçirlər.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək.

Son gün

İyulun 8-i, mediaturun son günündə jurnalistlər Respublika Süni Mayalanma Mərkəzinə yollanıb. Burada mərkəzin direktoru Ramiq Abbasov son illərdə fermerlərin öz heyvanlarını süni mayalandırma yolu ilə artırmağa və daha məhsuldar cinslər əldə etməyə maraqlı olduqlarını söyləyib. O bildirib ki, 2007-ci ildə yaradılan mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir:

“Bütün dünyada maldarlığın damazlıq, cins tərkibinin dəyişdirilməsi süni mayalanmadan keçir. Artıq respublikada 2009-cu ildən yeni sort buzovlar doğuldu və sahibkarların bu sahəyə marağı artmağa başladı. Müəssisənin yeni binası 2015-ci ildə qurulub. Bura eyni zamanda regional təlim mərkəzi funksiyasını da yerinə yetirir. Hazırda mərkəzdə 6 cins üzrə 36 baş heyvan var”.

Daha sonra KİV nümayəndələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olublar. Müəssisənin direktoru Mahir Hacıyevin sözlərinə görə, burada heyvandarlığın müxtəlif sahələri, o cümlədən quşçuluq və ipəkçilik üzrə də tədqiqatlar aparılır:

“Bu gün bizim alimlərimiz fermerlərə müəyyən məsləhətlər verir, treninqlər keçirirlər. İnstitutda ipəkçilik sahəsi də önəmli yer tutur. Hazırda burada 82 cins ipəkqurdu yetişdirilir. Onlardan 50-si yerli genefond sayılır, 32-si isə xaricdən gətirilənlərdir ki, biz onları həm qoruyub saxlayır, həm də üzərində araşdırmalar aparırıq. Həmçinin, “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər Dövlət Proqramı”na əsasən biz institutun ərazisində İrandan, Çindən gətirilən və Azərbaycanın yerli genefonduna daxil olan 3 min ədəd tut tingi əkmişik. Burada əsas məqsəd yem bazasının gücləndirilməsidir. Bundan əlavə, müəssisədə quşçuluğun inkişafı istiqamətində də işlər həyata keçirilir”.

Müəssisədə keyfiyyətli toyuq yumurtasının araşdırılması üçün müasir avadanlıq da var. Müəssisə rəhbərinin sözlərinə görə, yüksək göstəriciləri olan yumurta aşağıdakı tələblərə cavab verməlidir:

– yumurta qalın qutuda olmalıdır;
– çatsız olmalıdır;
– hava boşluğu 0,4 millimetrdən az olmamalıdır;
– ağının sarısına nisbəti 1:1 və ya 1:2 şəklində olmalıdır.

Daha sonra jurnalistlər iyulun axırında fəaliyyətə başlayacaq Ucar Pambıq Emalı Zavoduna baş çəkiblər. Zavodun direktoru Həsən Şahverdiyev müəssisəni potensialı barədə məlumat verib:

“Zavod ildə 40 min ton pambıq emaletmə gücünə malik olacaq. Bundan əlavə, müəssisə daxilində daha iki zavodun – çiyid və yağ zavodunun da tikintisi gedir”.

Zavodun həyətində çox ciddi iş aparılır. Havanın isti keçməsinə baxmayaraq ustalar və fəhlələr durmadan işləyirlər.

Ucar Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehdiyev isə əlavə edib ki, zavod ötən ilin ikinci yarısından etibarən məntəqə kimi pambıq qəbuluna başlayıb.

www.yenicag.az

1893
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS