Jurnalistlərin diqqətsizlik problemi: “Rəqəmsal dövrdə diqqət yayınması epidemiya halını alıb”

“Jurnalistin diqqətsizliyi bir faciədir, çünki baş verənlərin yanında olsa da, bunu görə bilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistlərin diqqətsizlik problemi haqda danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, rəqəmsal dövrdə diqqət yayınması hətta epidemiya halını alıb:

“Təlim prosesində dəfələrlə gənc jurnalistlərin diqqətsizliyi ilə daim üzləşirəm. Deyərdim, rəqəmsal dövrdə diqqət yayınması hətta epidemiya halını alıb. Ən vacib məsələdən belə danışarkən tələbənin diqqətini heç 2-3 dəqiqə belə cəlb etmək müşkülə çevrilib. Telefonla oynamaq, sosial şəbəkəni izləmək, kənar söhbətə qaçmaq adiləşib. Bu günün gənci tez-tez müxtəlif işlərə tərəf qaçmalı olduğundan diqqətini hansısa bir məsələdə cəmləməkdə çətinlik çəkir. Ötən əsrin insanı özünü bir işin üzərində cəmləyə bilirdisə, internet dövründə bunu etmək çətinləşib. Eyni zamanda, bir neçə sosial şəbəkədə qeydiyyatı olan kimsə bir yerdə qərarlaşa bilmir”.

İ. Rafiqoğlu qeyd edib ki, müasir dövrün adamı bəzən reallıqla, virtual məkanı qarışdırır:

“İnformasiya bolluğu həm də bir dərin bataqlıqdır. Bir məsələ barədə 5-10 rəy alan insan nə qərar verəcəyini bilmir. Onun diqqəti daim yayınır. Nə qədər çalışsaq da, tələbələr ən adi tapşırığı yerinə yetirməkdə aciz olurlar, çünki detalları unudur, auditoriyada olub baş verənləri xatırlaya bilmirlər. Müasir dövrün adamı bəzən reallıqla, virtual məkanı qarışdırır. Harada olduğunu belə bilmir. Belə bir hal jurnalistin sonrakı fəaliyyətinə mənfi təsir göstərir. Mətbuat konfransında, hansısa tədbirdə bildirilən vacib faktları ötürür. Bu gün hətta jurnalist özünü əziyyətə verib tədbirdən xəbər hazırlamaq da istəmir, çünki deyilənləri xatırlamır. Ən sadə yolu seçib press-relizdə olanları əsas tutur. Jurnalistin diqqətsizliyi bir faciədir, çünki baş verənlərin yanında olsa da, bunu görə bilmir. Diqqətli olmaq üçün gərək məşq edəsən, bir işi tutub onunla məşğul olmalısan. Telefona və ya başqa məsələyə yayınmağı özünə qadağan etməlisən. Hətta bəzən insanın həyatında telefonsuz və internetsiz günlər də olmalıdır”.

İsmayıl Bakuvi

COP29