Jurnalistlərin VII qurultayı başa çatdı – Fotolar (Yenilənib)

Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvləri sədarəti təşkil ediblər. 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşıb. Daha sonra qurultayın reqlament və gündəliyi təsdiqlənib.

Mətbuat Şurası (MŞ) sədri Əflatun Amaşov hesabat – məruzə ilə çıxış edib.

O, bildirib ki, ilk qurultaydan bu günə kimi Mətbuat Şurası mərhələli şəkildə inkişaf yolu keçib: “Medianın iqtisadı durumunun yaxşılaşdırılması, jurnalistlərin mənzil – məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi mövcuddur”.

MŞ sədri qeyd edib ki, ötən dövrdə Mətbuat Şurasının Şikayətlər Komissiyasında 932 şikayətindən 711-i araşdırılıb: “Şikayətlərdən 584-ü Komissiyada həllini tapıb. İdarə Heyətinin 134 qərarında isə Kütləvi İnformasiya Vasitələrinin peşə etikasına etinasızlıq etməsi göstərilib”.

Mətbuat Şurası tərəfindən prezident, parlament və bələdiyyə seçkilərində jurnalistlərin fəaliyyətinin monitorinqinin aparıldığını xatırladan Ə. Amaşov bildirib ki, Şuranın təşkilatçılığı ilə keçirilən tədbirlər cəmiyyətdə söz və mətbuat azadlığının dərinləşməsinə həsr olunub, Şurada xarici media orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas reket jurnalistlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini ifadə edib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da ölkəyə idxal olunan qəzet kağızı və qəzet məhsullarının üzərindən əlavə dəyər vergisindən götürülməsinin vacibliyi vurğulayıb. O əlavə edib ki, Mətbuat Şurası haqqında ayrıca qanun qəbul edilməlidir və Şura qanuna əsasən fəaliyyətini davam etdirməlidir.

Çıxışçılar Mətbuat Şurası sədrinin və Nəzarət – Təftiş Komissiyalarının hesabatlarını qənaətbəxş hesab ediblər.

Hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın sədri və İdarə Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.

***

Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

Yenicag.az xəbər verir ki, qurultay nümayəndələri saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməyə başlayıblar. Saat 10:00-da isə Ali Məclis öz işinə başlayıb.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Əgər qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.

Foto – Cəmalə Əlizadə

COP29