Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyanın Myanmada törədilən müsəlman qətliamına seyrçi qalmasından qəzəblənib.
Yenicag.Ru-nun məlumatına görə, Ramzan Kadırov özünün “Instagram” səhifəsindən etdiyi canlı yayımda Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırımına kəskin reaksiya verib. Kadırov öncə Rusiya mediasını Myanmada törədilən qırğına biganə yanaşmaqda günahlandırıb:
“Avropada hardasa partlayış olanda bizim “şərəfl” KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”.
Kadırov daha sonra ona ünvanlanan çağırışlara cavab olaraq bildirib ki, Myanmada həyata keçirilən soyqırımını dayandırmaq üçün həmin ölkəyə qoşun yeritmək səlahiyyətinə malik deyil. Çeçenistan lideri fikirlərinin davamında Rusiya rəhbərliyinə qəti mesajını da çatdırıb:
“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün heç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”.
Kadırovun bu bəyanatını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Çeçenistan prezidentinin İslam həmrəyliyinə əsaslanan bu mövqeyi alqışlanmalıdır:
“Bildiyiniz kimi, Kadırov dini dəyərlərə hörmətlə yanaşan, İslam həmrəyliyini əsas götürən bir siyasətçidir. O baxımdan, Kadırovun belə bir qəti mövqe bildirməsi alqışlanmalıdır. Aydın məsələdir ki, heç bir ölkə, o cümlədən də Rusiya Myanmada törədilən müsəlman qırğınına haqq qazandıra bilməz. Bununla belə, çox təəssüf ki, Türkiyə istisna olmaqla, heç bir ölkə bu məsələdə qəti mövqe nümayiş etdirmir. Təsəvvür edin, hətta İslam Əməkdaşlıq Təşkilatı belə Myanmadakı qırğınlara rəsmi münasibət bildirməyib. Bu fonda Kadırovun diqqəti həmin ölkəyə yönəltməsi təqdirəlayiqdir”.
A.Zeynalov