Kadr hazırlığı üçün yeni tədris mərkəzi yaradılır

Prezident İlham Əliyev “Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

COP29