Bakı şəhər prokurorluğu Binəqədidə kafedə baş verən partlayışla bağlı məlumat yayıb.
Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, mayın 21-də, saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə rayon prokurorluğunun, polis idarəsinin, Regional Qaz İstismar Departamentinin Binəqədi istismar idarəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmişdir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hadisə nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olmuş müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, çayxanada olmuş digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 №-li Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişlər.
N.İbrahimov mayın 22-də xəstəxanada dünyasını dəyişmiş, Ş.İbrahimovanın isə müalicəsi hazırda davam etdirilir.
Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.