ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.
ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib. O, həmçinin yanğınla mübarizə və gələcək bərpa işləri üçün Kaliforniya ştatına federal büdcədən lazımı vəsait ayrılması barədə göstəriş verib.
Xatırladaq ki, “Campfire” adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
“Campfire” artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.