“Restoran və kafelərin mətbəxlərinə kameralar qoyulsun və haradasa antisanitar şəraitdə bişirilib gətirilən yeməklər insanlara verilməsin. Əks halda, vəziyyət acınacaqlı olacaq, istehlakçı bu qidalar vasitəsi ilə virusdan da dəhşətli xəstəliyə yoluxa bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov pandemiya dönəmində kafe və restoranlarda yeni qaydaların tətbiq olunmasının vacibliyini diqqətə çatdırarkən deyib.
Ekspert bunun üçün istehlakçı və biznes davranışlarının dəyişdirilməsinin vacib olduğunu bildirib:
“Pandemiya dönəmində ciddi məsələrdən biri istehlakçının kafe və restroanların mətbəxində nə baş verdiyini izləmək məsələsidir. Ölkəmizdə bu sahədə böyük problemlər yaşanır. Bərli-bəzəkli salonlarda oturub yemək gözləyən istehlakçıların əslində xəbəri yoxdur ki, antisanitar şəraitdə hazırlanan yeməklərlə qidalanrılar. Onlar anlamır ki, belə qidalar vasitəsi ilə virusdan da dəhşətli xəstəliyə yoluxa bilərlər. Buna görə də salonlara manitorlar qoyulmalıdır. Mətbəxlər açıq olmalıdır. İstehlakçılar o mətbəxə üstünlük verməlidirlər ki, orada yeməklərin hazırlanması gözlə görülür. Mətbəxlərə kameralar qoyulsun və hardasa antisanitar şəraitdə bişirilib gətirilən yeməklər insanlara verilməsin. Əhali görsün ki, mətbəxdə nə baş verir. Çünki qida hər an təhlükəyə məruz qalıb, çirklənə bilər. Hesab edirəm ki, pandemiya dövründə yeni istehlakçı mədəniyyəti və davranışı nümayiş olunmalıdır. Adekvat olaraq biznes davranışı da dəyişməlidir”.
Cəvahir