Kamikadze PUA Netanyahunun iqamətgahını hədəf aldı – Baş nazir yaralandı İDDİASI

“Hizbullah”a aid olduğu iddia edilən kamikadze pilotsuz təyyarə İsrailin baş naziri Binyamin Netanyahunun Kayseryadakı evini hədəf alıb. Şahidlər İHA havaya qalxdıqdan sonra böyük partlayış gördüklərini bildiriblər.

PUA-nın hücumu zamanı sirenlərin eşidilmədiyi bildirilib. İsrail baş nazirinin taleyi məlum deyil. Onun ofisi şərh verməkdən imtina edib.

Yenicag.az xarici mediyaya istinadən xəbər verir ki, bölgədən olan mənbələr hücum zamanı Netanyahunun evdə olduğunu və partlayış nəticəsində yaralandığını iddia edib. İsrail rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama və ya təsdiq gəlməyib.

İsrail hökuməti bu xəbərlə bağlı İsrail mediasına nəşr qadağası qoyub.

İsrail ordusundan verilən açıqlamada Livandan İsrail hava məkanına daxil olan 3 PUA-nın təsbit edildiyi və onlardan ikisinin məhv edildiyi bildirilib.

PUA-nın Kayserya şəhərində bir tikiliyə düşdüyü, lakin xəsarət alan olmadığı bildirilib. Hücum zamanı Təl-Əviv yaxınlığındakı Herzliya şəhərində Mossad və hərbi kiberkəşfiyyata cavabdeh olan “Unit 8200”-ün ortaq bazası olan Glilot bazasında həyəcan siqnalları işə salınıb.

İsrail ordusu başqa PUA-nın sızma ehtimalının olmadığını iddia edib.

İsrail polisi sözçüsünün açıqlamasında Kayserya şəhərində bir PUA-nın bir binaya dəyməsindən sonra bölgəyə polisin sıx şəkildə yerləşdirildiyi və hər hansı partlayıcı hissənin tapılmaması üçün axtarış və araşdırmalar apardığı bildirilib.

Digər tərəfdən, İsrail polisinin Netanyahunun evinin ətrafına çoxlu sayda hərbçi göndərdiyi və şəhərdə bu yerə gedən yolların giriş-çıxışlarını bağladığı bildirilib.

Sosial mediada yayımlanan görüntülərdə Netanyahunun iqamətgahı ətrafında təhlükəsizlik üçün beton blokların və mühafizə kabinəsinin yerləşdiyi əraziyə tibbi qrupların və polisin sıx şəkildə toplaşdığı görünür.

Eyni şəkildə sosial mediada yayılan görüntüdə PUA-nın bölgədə uçan helikopterin yanından keçməsi və daha sonra hücum həyəcanı verməsi diqqət çəkir.

“Hizbullah” hələlik hücumla bağlı açıqlama verməyib.

İsmayıl Bakuvi

COP29