!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamran RAMAZANLI: Bir ovuc adamın girovuna çevrilmiş “Borçalı”…

!Reklam – Yazi

523800_412534948797003_728478085_nGeopolitik baxımdan önəmli mövqe tutan Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar. İki dövlət arasında bu tərəfdaşlığın güclənməsinə hüquqi imkanlar yaradan müqavilə bağlanıb. Bu tərəfdaşlığın istiqamətlərini konkret olaraq aşağıdakı kimi ümumiləşdirmək olar:

  1. İki dövlət arasında qarşılıqlı əlaqələrin və münasibətlərin hüquq müstəvisində tənzimlənməsini təmin edən müqavilələr, rəsmi sənədlər.
  2. Bakı-Supsa neft kəmərinin yaratdığı qarşılıqlı faydalılıq və öhdəliklər.
  3. TRASEKA xəttində işbirliyi, əməkdaşlıq, inteqrasiya.
  4. Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin təhlükəsizliyi, qarşılıqlı əməkdaşlıq, faydalılıq, inteqrasiya.
  5. GUAM formatında iqtisadi, siyasi, hüquqi təhlükəsizlik, demokratik islahatların aparılması sahəsində əməkdaşlıq.
  6. NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramında müştərək fəaliyyət.
  7. Avropa Birliyinin «Yeni Qonşuluq Siyasəti» çərçivəsində əməkdaşlıq.
  8. Bakı-Ərzurum qaz kəmərinin bölgənin stabilliyinə və inkişafına pozitiv təsiri.
  9. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsi ilə bağlı perspektiv layihələrin gerçəkləşməsi istiqamətində əməkdaşlıq.

Azərbaycanla Gürcüstan arasında sözügedən sahələrdə əməkdaşlıq və bu əməkdaşlığın perspektivdə daha da möhkəmlənməsi imkanları hər iki dövlətin təhlükəsizliyi və ümumi inkişafı üçün əlverişli şərait yaradır. Hər iki dövlət arasında qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsinə mane olan problemlər də mövcuddur. Bu, Gürcüstanlı soydaşlarımızın təhsil, toponomika, aqrar, dini, mədəni və digər sahələrdəki problemlərdir. Soydaşlarımız kompakt şəkildə 4 rayonda, ümumilikdə isə 15 inzibati-ərazi vahidində yaşayırlar. Onlar Gürcüstan-Azərbaycan arasında körpü rolu oynayırlar. Tarixin bütün dövrlərində gürcülərlə çiyin-çiyinə öz vətənlərinin qorunması, möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Gürcüstanlı soydaşlarımızın hüquqları 1989-cu ildən bəri daha kobud surətdə pozulmağa başladı. İstər Z.Qamsaxurdiya, istərsə də E.Şevardnadze dönəmlərində bu pozuntular özünü daha çox büruzə verdi. Ədalət naminə qeyd edək ki, M.Saakaşvili dönəmində yuxarıda sadalanan köklü problemlər həll olunmasa da, ancaq bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaranması istiqamətində bir sıra addımlar atıldı. Soydaşlarımızın problemlərinin həll olunmasında təbii ki, əsas məsuliyyət vətəndaşı olduqları Gürcüstanın üzərinə düşsə də, Azərbaycan Respublikasının da öz görəcəyi işlər mövcuddur. Görüləcək işlərin bir qismi də ziyalıların, QHT-lərin üzərinə düşür. Xüsusən də “Borçalı” İctimai Cəmiyyəti bölgənin adını özündə daşıdığı üçün daha çox mənəvi məsuliyyət daşıyır.

Cəmiyyət 1993-cü ildə qeydiyyatdan keçib, fəaliyyət göstərib, bir çox uğurları və uğursuzluqları olub. İlk illərdə cəmiyyət xeyli işlər gördü, daha sonra müəyyən obyektiv və subyektiv səbəblərdən ayrı-ayrı vaxtlarda fəaliyyət ya zəiflədi, ya da dayandı. Bu səbəblər əsasən respublikadakı vəziyyətlə bağlı idi. İndi respublikamızın potensialı güclənib, imkanlar çoxalmışdır. Belə bir dönəmdə heç kimin gözləmədiyi halda, KXCP Ali Məclisinin sədri (bu partiya müxalifətdədir) cəmiyyətin sədri «seçilir» və köhnə sədrə hələ səsvermə olmamış, fəxri diplom da təqdim edir. Borçalı məsələsi ümummilli problemdir və burada iqtidar-müxalifət anlayışı yoxdur, sədr isə heç bir siyasi partiyada təmsil olunmamalıdır.

“Borçalı” İctimai Cəmiyyətinin indiki sədri bütün prinsipial məsələlərdə heç zaman əməli iş görməyib, yalnız kağız üzərində formal bəyanat verməklə kifayətlənib, siyasi proseslərlə bağlı mövqe bildirməsini davam etdirib, hətta prezident seçkilərində neytral mövqeyini qorumayıb,müxalifət namizədini dəstəkləməklə bağlı Kütləvi İnformasiya Vasitələrində də müsahibələr verdi, mitinqlərdə iştirak edirdi. “Borçalı” Cəmiyyətinin məqsədi, məramı və nizamnaməsi mövcuddur. Cəmiyyət beynəlxalq hüquqa əsaslanaraq soydaşlarımızın hüquqlarının qorunması istiqamətində əməli addımlar atmalı olduğu halda, mədəniyyət şöbəsinin görməli olduğu işləri həyata keçirir, ara-sıra mədəni tədbirlər keçirməklə gözdən pərdə asmaq istəyir və bununla varlığını bildirmək istəyir.

Lakin çox təəssüf ki, hazırda deputat mandatı qazanmaq üçün (hərçənd ki, 3 dəfə Xətai rayonundan namizədliyini verib, uğur qazanmayıb-müəl.), eyni zamanda 1-2 iş adamından aldığı paketlərdən başqa, onu maraqlandıran bir problemin olduğunu əməli fəaliyyətdə görmürük. Soydaşlarımızın güvənc yeri olası bir cəmiyyət indiki sədrinin mövqesizliyi ucbatından əməli işlərdən çox, ayrı-ayrı şəxslərin yanında dayanmaqla onun korporativ maraqlarına xidmət edir. Odur ki, bu məsələdə borçalılar düşünüb, qərar verməlidirlər. Bir qrup maddiyat hərisinin girovuna çevrilən “Borçalı” cəmiyyətini topluma qazandırmağın vaxtı çoxdan çatıb…

 

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv