Kanslerliyə namizəd Putinlə bu şərtlə DANIŞACAQ

Almaniyada kanslerliyə namizəd Xristian Demokrat Partiyasının (CDU) Fridrix Merz bu vəzifəyə seçildiyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını istisna etməyəcəyini bildirib.

Yenicag.az xəbər verir ki, Merz bu fikri “Funke Media Group”a müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Putinlə dialoq yalnız sülhə yaxınlaşmaq üçün real imkan yarandıqda mümkün olacaq.

“Mən Putinə zəng etsəm, bu, yalnız sülh yolu ilə nizamlanmaya yaxınlaşmaq şansımız olduqda olacaq”, – deyə o qeyd edib.

Merz həmçinin kansler Olaf Şoltsun Putinlə telefon danışığını tənqid edərək, bunu “yaxşı rejissorluq” adlandırıb. O bildirib ki, bu danışıqdan sonra Rusiya liderinin cavabı Ukraynanın daha intensiv bombalanması olub. Şolts isə bu zəngdən Putinin Rusiya qoşunlarını Ukraynadan çıxarmağa hazır olub-olmadığını öyrənmək üçün istifadə etmək istəyib.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Almaniya kansleri Olaf Şolts son iki ildə ilk dəfə Kremlin rəhbəri ilə danışıb. O vaxt Ukrayna prezidenti Volodimir Zelenski bu zəngi “Pandoranın qutusu” adlandırmışdı.