Bu gün cəmiyyəti narahat edən problemlərdən biri pandemiya dövründə karantin şərtlərinin pozulması ilə bağlı tətbiq edilən cərimələrin hələ də ləğv edilməməsidir. Artıq pandemiyadan 4 ildən çox vaxt keçir. Cərimə olunanların az hissəsi cəriməsini ödəyib. Vətəndaşların əksəriyyəti isə həmin cərimələri ödəməkdə maddi çətinlik çəkdiklərini bildirir.
Sözügedən cərimlərin taleyi necə olacaq? Hansı halda həmin cərimələrə amnistiya verilə bilər?
Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, karantin qaydalarının pozulması ilə bağlı tətbiq olunan cərimlərə amnistiya verilməsi gözlənilən deyil:
“Bu barədə söhbət də yoxdur. Əksinə, son dövrlərdə cərimələr artırılır. Hətta Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, cərimələr dövlət büdcəsindən yan keçir. Yəni, bu, onu deməyə əsas verir ki, hökumət cərimələri yığmaqda daha çox maraqlıdır”.
Bununla belə, Əkrəm Həsənov hesab edir ki, həmin cərimələr qanunsuz tutulur:
“Mən həmişə çıxışlarımda bu barədə deyirəm. Çünkü Azərbaycanda karantin rejimində tətbiq olunan məhdudiyyətlər qanunsuz idi. Fövqəladə vəziyyət elan olunmadan insan haqları məhdudlaşdırıla bilməzdi. Amma hər halda tətbiq olunub. İndi dövlət ya bunu tanımalıdır ki, qanunsuz olub, əks halda cərimələri silməyin özü düzgün olmaz. Bu, insanlarda hüquqa-qanuna pis münasibət yarada bilər. Sabah hər hansı məhdudiyyət olanda insanlar onu rahat halda pozacaq və deyəcəklər ki, cəriməni onsuz da siləcəklər.
Ona görə də cərimələrin silinəcəyini gözləmirəm”.