Karantin cəriməsinə görə “STOP-A DÜŞMƏK”: “O borc bütün hallarda ödənilməlidir” – VƏKİLİN ŞƏRHİ

“Məcburi icra tədbirlərinə cərimə məbləğinin vətəndaşın əməkhaqqı və ya pensiyasından tutulması daxildir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında karantin qaydalarını pozduqları üçün cərimələnən şəxslərin müvafiq məbləği ödəmədiyi halda üzləşə biləcəyi problemlərə toxunan vəkil Roman Qaraşov deyib.

Roman Qaraşovun sözlərinə görə, hər bir vətəndaş karantin qaydalarının pozulması səbəbindən inzibati dövlət orqanları tərəfindən yazılan cərimələri mütləq ödəməlidir:

“Hüquq-mühafizə orqanları tərəfindən tətbiq olunan cərimələrin ödənilməsi məcburi xarakter daşıyır. Yəni cəriməni ödəyib-ödəməməklə bağlı vətəndaşın alternativ seçim imkanı yoxdur.

Tərtib olunan protokolların icrası isə Ədliyyə Nazirliyinin İcra və Probasiya xidməti tərəfindən həyata keçirilir. Belə ki, həmin sənədlərin icrası üçün əvvəl vətəndaşa könüllü şəkildə şərait yaradılır. Vətəndaş cəriməni könüllü şəkildə ödəmədiyi təqdirdə, inzibati məsuliyyətə cəlb olunan şəxslər prosessual məcburiyyət və eyni zamanda, məcburi icra tədbirlərinin tətbiq olunmasına şərait yaradırlar.

Məcburi icra tədbirlərinə cərimə məbləğinin vətəndaşın əməkhaqqı və ya pensiyasından tutulması daxildir. Bununla yanaşı, cərimə məbləği bank hesablarında olan vəsaitdən və ya daimi gəlir mənbəyi olan digər dövriyyə vəsaitlərindən çıxarıla bilər. Hətta borclunun ölkədən kənara çıxmasına məhdudiyyət qoyulması da mümkündür. Borclunun yeri məlum deyilsə, onun barəsində axtarış müəyyən edilə bilər. Yəni bütün hallarda inzibati qərar icra olunmalıdır”.

Gülşən Şərif