“Karantin rejimi müddətində xalq Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunacaq” – Fəzail Ağamalı

“İşsiz vətəndaşların hər birinə 190 manat verilməsi onların sosial müdafiəsinin təmin olunmasına xidmət edən mühüm elementdir”.

Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejimində hökumətin əhalinin sosial müdafiəsinin təşkilinə yönəlik addımlarını dəyərləndirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və iqtidarı hər zaman olduğu kimi, bu çətin günlərdə də öz vətəndaşlarının yanındadır:

“Cənab Prezident dünyanı bürümüş bu bəlaya qarşı mübarizə müstəvisində bütün sahələrdə olduğu kimi, xalqımızın həyat səviyyəsinin yaxşılaşıdırılması yönündə də ciddi addımlar atmaqdadır. Cənab prezidentin geniş rəğbətlə qarşılanan “Başlıca vəzifəmiz xalqın sağlamlığı, təhlükəsizliyi və həyat səviyyəsinin yüksəldilməsidir” sözləri xalqın dilində aforizmə çevrilib.

Bu baxımdan, ölkə prezidentinin imzalamış olduğu sərəncamlarda, atmış olduğu addımlarda xalqımızın maraqlarının təmin edilməsi ön planda dayanır. Ona görə də, koronavirusun təsirlərinin aradan qaldırılması məqsədilə ayrılmış 2,5 milyard manatın xeyli hissəsinin xalqın həyat səviyyəsini yüksəltmək üçün nəzərdə tutulması qanunauyğunluqdur.

Sadəcə, dövlət qurumlarında işləyən 900 mindən çox vətəndaşımızın deyil, həm də digər sahələrdə çalışan soydaşlarımızın əməkhaqqının xeyli hissəsinin dövlət tərəfindən ödənilməsi üçün verilmiş tapşırıq artıq icra olunur.

Digər tərəfdən, işsiz olan, lakin iş növbəsinə dayanan soydaşlarımızın hər birinə 190 manat verilməsi də, əlbəttə, onların sosial müdafiəsinin təmin olunmasına xidmət edən mühüm elementdir.

Ölkə miqyasında 70 mindən çox ictimai iş yerlərinin yaradılması haqqında Prezidentin vermiş olduğu məlumat və o işlərdə çalışan vətəndaşlarımızın hər birinin əməkhaqqının 250 manat həddində müəyyənləşdirilməsi də mütləq qeyd edilməlidir. Həssas ailələrdən olan 22 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi də Azərbaycan hakimiyyətinin ölkə vətəndaşlarına qayğısının başqa bir nümunəsidir.

Birmənalı olaraq, bütün məsuliyyətimlə deyə bilərəm ki, xüsusi karantin rejimi qüvvədə olduqca, xalqımız bütünlüklə dövlətimizin və prezidentimizin diqqət və qayğısı ilə əhatə olunacaq”.

Aqil Bəkir