“Qapanmalar, sosiallaşa bilməmək, insanların işsiz qalması və digər məhudiyyətlər olduqca yorucudur”.
Bu sözləri yaxın günlərdə ölkədə sərt karantin rejiminin yenidən bərpa olunacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirən psixoloq-təlimçi Vüsalə Əmiraslanova Yenicag.az-a açıqlamasında deyib.
Psixoloqun sözlərinə görə, sərt karantin rejiminin yenidən bərpa olunması və qapanmalar müsbət nəticə verməyəcək:
“Çünki insanlar bir ildən artıq davam edən pandemiya dövründə tətbiq olunan yumşalmalar sayəsində yavaş-yavaş toparlana bilirdilər. Əgər yenidən qapanmalar olarsa, intiharların sayı daha da artacaq.
Onsuz da mövcud şəraitdə intihar halları sürətlə artır. Qapanmalar, sosiallaşa bilməmək, insanların işsiz qalması və digər məhudiyyətlər olduqca yorucudur. Əslində, karantin qaydaları ilə bağlı cəza sistemi də uzunmüddətli olmamalıdır. Problemin müəyyən həll yolları artıq tapılmalıdır.
İnsanlar karantindən müsbət heç nə əldə edə bilmirlər. Ona görə də karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur. Sosial məsafə, maskadan istifadə ilə bağlı hazırda mövcud olan qaydalar qüvvədə qala bilər, amma metronun açılması zəruridir. Çünki hazırda sərnişinlər eyni avtobusda məcburi sıxlıq yaradırlar və bu hal neqativ nəticələrə yol açır. Bu şəraitdə metronun açılmaması mənfi haldır”.
Gülşən Şərif