“Karantin rejimində ölkədaxili tələbat 2-3 dəfə artıb” – Osman Gündüzdən “sürünən internet” ŞƏRHİ

“Belə məqamlarda internet infrastrukturu ilə əlaqəli hər hansı adi problem də ciddi fəsadlar yarada bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanda internet təminatı ilə bağlı vəziyyəti şərh edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Osman Gündüzün sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda internet hədsiz dərəcədə yüklənib. Belə ki, karantinə qədər olan dövrlə müqayisədə, internetə ölkədaxili tələbat təqribən 2-3 dəfə artıb:

“Ölkədə internet təminatı ilə bağlı bütün rezervlər və alternativlər işə salınıb. Eyni zamanda, ölkəyə daxil olan internet trafiki də artıb. Müşahidələr göstərir ki, “backbone” və ikinci səviyyəli provayderlər bütün resurslarını işə salıblar.

Belə məqamlarda internet infrastrukturu ilə əlaqəli hər hansı adi problem də ciddi fəsadlar yarada bilər. Odur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən, digər aidiyyatı qurumlar karantin müddətində Azərbaycanda internetin dayanıqlığını qorumaq üçün zəruri tədbirlər görməlidirlər.

Yeni alternativlər və rezervlər hazırlanmalı, rabitə qaydalarının qorunması və mühafizəsi üçün əlavə imkanlar axtarılmalıdır”.

Gülşən Şərif

COP29