Karantin rejiminin müsbət təsiri? – “İnsanlarda qənaət vərdişi formalaşıb” – Psixoloqun ŞƏRHİ

“Tətbiq olunan məhdudiyyətlər fonunda insanların çoxu gündəlik planlarını daha doğru müəyyənləşdirməyə imkan tapıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında karantin rejiminin cəmiyyətə və fərdlərə təsirlərini dəyərləndirən psixoloq-təlimçi Vüsalə Əmiraslanova deyib.

Vüsalə Əmiraslanova bildirib ki, karantin rejiminin yaratdığı sosial-iqtisadi vəziyyət insanlarda qənaət vərdişi formalaşdırıb:

“İnsanlar adətən, narazı olan və narazı olmayan tiplərə bölünürlər. Karantin dövründə hətta narazı insanlar da şükür etməyi və razı olmağı öyrəniblər. Eyni zamanda, koronavirus pandemiyasına inanmayanlar tədricən vəziyyətin daha ciddi olduğunu dərk etdilər.

Çünki karantin rejiminin uzun müddət davam etməsi onların yanaşmasını dəyişdi. Bununla yanaşı, karantin dönəmində insanların bir-birilə sıx təması baş verdi və qaydasında olmayan əksər insani münasibətlər öz axarına düşdü.

Tənəzzülə uğrayan bəzi şirkətlər yeniliklərə açıq olmaqla, daha yaxşı inkişaf etməyə başladı. Fərdi mənada isə insanların çoxu gündəlik planlarını daha doğru müəyyənləşdirməyə imkan tapıb. Ümumilikdə, insanlar aza da qane olmağı öyrəniblər”.

Gülşən Şərif