“Karantin şərtlərinə bu cür etinasız yanaşmaq olmaz” – Professordan XƏBƏRDARLIQ

“Aprelin 20-dən sonrakı yeni situasiyada da insanların davranış qaydaları ilə bağlı heç bir izahat işi aparılmadı”.

Yenicag.az xəbər verir ki, bu fikirləri karantin rejimi qaydalarının yumşaldılması fonunda müşahidə olunan vəziyyəti şərh edən professor Adil Qeybulla deyib.

Adi Qeybullaya görə, mövcud şəraitdə ölkədə COVID-19 ştamına qarşı kollektiv immunitet yaranmayıb. Buna görə də vətəndaşların karantin qaydalarına laqeyd yanaşmaları yolverilməzdir:

“Bu gün sanki ölkədə heç bir problem olmayıb. Pandemiyanın başlanğıcında olduğu kimi, aprelin 20-dən sonrakı yeni situasiyada da insanların davranış qaydaları ilə bağlı heç bir izahat işi aparılmadı və aparılmır. İnsanların çoxu küçəyə axışmağa başlayıb, sosial məsafə gözləmədən, maskasız gəzişirlər.

Karantin şərtlərinə bu cür etinasız davranış arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ümumdünya Səhiyyə Təşkilatının buradakı nümayəndələri konfrans keçirərək, mədhiyyələr söyləməkdənsə, öz işləri ilə məşğul olsalar, daha faydalı olar.

Məlumdur ki, respirator infeksiyalar bir qayda olaraq, kollektiv immunitetin yaranması ilə yoxa çıxır. COVID-19 ştamına qarşı ölkəmizdə kollektiv immunitet yaranmayıb. Hər an infeksiyanın ikinci dalğası, reinfeksiya başlaya bilər. Bu isə daha ağır nəticələr gətirə bilər. Azərbaycan hökuməti məsələyə təcili reaksiya verib, qəti tədbirlər görməlidir. Əhali arasında izahat işi gücləndirilməlidir”.

Gülşən Şərif