“Karantin bitəndən sonra, payız aylarında koronavirusdan əlavə, başqa xəstəliklər də artacaq. Çünki insanların uzun müddət evdə qalması, onlarda bir sıra fəsadların meydana çıxmasına səbəb olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu sərt karantinin uzadılmasına münasibət bildirərkən deyib.
Sosioloq “Evdə qal” maqdansa, “Ehtiyatlı ol” maarifləndirici kampaniyasına üstünlük verilməsini məqsədəuyğun hesab edir:
“İnsanlar uzun müddət evdə qalır. Onların qida, su ehtiyacı kimi hava, hərəkət və ünsiyyət ehtiyacları da qarşılanmalıdır. Ünsiyyət, enerji mübadiləsi olmadığı üçün onlarda stres, qəzəb və digər psixoloji problemlər artacaq. Eyni zamanda, ürək, qan-damar, kişilərdə prostat xəstəlikləri sürətlənəcək. Çünki hərəkət məhdudluğu sonunda bu fəsadlara yol açacaq. Digər tərəfdən, insanlar başqa xəstəliklərinə görə xəstəxanaya getmir. Çünki qorxur. Yaxın insanlar tanıyıram ki, başqa xəstəliyinə görə xəstəxanaya gedib, həkimlərdən koronavirusa yoluxub. Mən özüm bu müddət ərzində azı iki-üç dəfə həkimə getməliydim, amma getmirəm, çünki ehtiyat edirəm. Səhiyyədən uzaq düşməyimiz də xəstəliklərin artmasına rəvac verir. Pandemiya ilə bağlı konkret təkliflər paketi hazırlamışdım. Bu paketdə karantin olmadan, insanların bu bəladan qurtulması üçün maarifləndirici təkliflərim vardı. Nəzərə alan olmadı”.
Cəvahir